
"Son günlər Türkiyənin media və sosial media məkanında Azərbaycan əleyhinə səsləndirilən bəzi iddialar ciddi müzakirələrə səbəb olub. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə dünyada anoloqu olmayan münasibətlərə malik iki dost, qardaş, strateji müttəfiq olan ölkədir. Ona görə də hər bir tənqidi fikir avtomatik olaraq düşmənçilik və ya təxribat kimi qiymətləndirilməməlidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib.
Onun sözlərinə görə, Bakı ilə Ankara arasında mövcud olan münasibətlərə zərbə vurmaq üçün bir neçə istiqamətdə fəaliyyət göstərən qruplar var:
"Birinci qrup – iki ölkə arasında qarşıdurmadan siyasi və geosiyasi fayda gözləyən xarici dairələrdir. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda, enerji, nəqliyyat, müdafiə və regional təhlükəsizlik sahələrində əməkdaşlığı onların təsir imkanlarını artırır. Bu əməkdaşlığın zəifləməsi isə regiondakı güc balansının dəyişməsində maraqlı olan müəyyən aktorlar üçün əlverişli ola bilər.
İkinci qrup – sosial media üzərindən manipulyasiya aparan anonim və ya saxta hesab şəbəkələridir. Belə şəbəkələrdə əsas məqsəd bəzən faktı sübut etmək deyil, emosional reaksiya yaratmaq olur. Bir neçə paylaşımın ardıcıl şəkildə yayılması, eyni tezislərin müxtəlif hesablar tərəfindən təkrarlanması və qarşı tərəfə qarşı emosional reaksiyanın gücləndirilməsi cəmiyyətin diqqətini əsas məsələlərdən yayındıra bilər.
Üçüncü qrup – şəxsi auditoriya və siyasi gündəm naminə qalmaqallı məzmundan istifadə edən media və sosial media subyektləridir. Burada xarici sifariş mütləq şərt deyil. Bəzən sensasiya yaratmaq, daha çox izləyici toplamaq və siyasi təsir imkanlarını artırmaq üçün yayılan materiallar sonradan iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilir.
Dördüncü qrup – Azərbaycan və Türkiyə cəmiyyətlərində qarşılıqlı stereotipləri gücləndirməyə çalışan informasiya aktorlarıdır. Onların istifadə etdiyi əsas üsul “biz və onlar” qarşıdurması yaratmaqdır. Azərbaycanlılara Türkiyə haqqında, türklərə isə Azərbaycan haqqında mənfi təsəvvür formalaşdıran materiallar təqdim edilir".
Arzuman Muradlı hesab edir ki, Azərbaycan–Türkiyə münasibətləri onilliklər ərzində müxtəlif siyasi və regional sınaqlardan keçib:
"Buna görə də ayrı-ayrı sosial media kampaniyalarının bu münasibətlərin ümumi mahiyyətini müəyyənləşdirməsi mümkün deyil. Əsas məsələ emosional qarşıdurmaya yol verməmək, təxribat xarakterli məlumatları faktlardan ayırmaq və iki ölkə cəmiyyətləri arasında etimadı qorumaqdır".
Süleyman











































