Adətən vəfat edən şəxsin mal və mülkünün varislər arasında bölünməsində problemlər yaranır. Bu da əsasən hüquqi maariflənmənin insanlar arasında zəif aparılması, qanun üzrə vərəsənin kim olduğuna dair vətəndaşların məlumatsızlığından qaynaqlanır. Bəs, Qanun üzrə vərəsələr kimlər hesab olunur?
Newscenter.az Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirovaya istinadən xəbər verir ki, AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
"Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar".
Vəkil deyib ki, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar:
"Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər vərəsə sayılırlar. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları"
Vəfa Qədirova deyir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir:
"Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir".
İnqilab