Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikallar başa düşməlidirlər ki, ....

Radikallar başa düşməlidirlər ki, ....


Ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinə dövlət başçısı səviyyəsində start verilməsinin ikinci ili tamam olur. İki il qlobal siyasi proseslər üçün elə də böyük zaman kəsiyi deyil. Lakin ilkin nəticələri ümumiləşdirib dəyərləndirmək baxımından ötən iki ili Azərbaycanda yeni siyasi konfiqurasiyanın oturuşması, siyasi subyektlər arasında sağlam münasibətlərin formalaşması və iqtidar-müxalifət müstəvisində siyasi dialoqun inkişaf etdirilməsi prosesinin ilkin mərhələsi hesab etmək olar.

Ötən iki il ərzində yuxarıda qeyd etdiyimiz istiqamətdə çox iş görülüb, irəliyə doğru böyük məsafə qət olunub və kifayət qədər ciddi nəticələr əldə edilib. Biz son iki ildə siyasi müstəvidə görülən işləri xarakterizə edən əsas xüsusiyyətlərə nəzər salsaq olduqca maraqlı nəticələrə gələ bilərik. Hər şeydən öncə onu qeyd etməliyik ki, ölkəmizdə real siyasi dialoq mühitinin formalaşdırılması və dayanıqlı prosesə çevrilməsinə göstərilən təşəbbüslər baxımından son iki ildə müşahidə olunan siyasi iradə xüsusilə qeyd olunmalıdır. Söhbət təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradədən gedir.

Ölkənin siyasi sistemində və siyasi münasibətlərdə real dialoq mühitinin formalaşdırılmasının vacibliyinin prinsipial şəkildə önə çəkilməsi, iqtidar-müxalifət dialoqunun siyasi dəyər kimi qiymətləndirilməsi və sağlam müxalifətçiliyin dövlətçiliyimizin möhkəmləndirilməsi prosesində əhəmiyyətli məqam kimi vurğulanması bilavasitə cənab Prezidentin adıyla bağlıdır. Dövlət başçısı çıxışlarında, müsahibələrində siyasi partiyaların ümummilli məsələlərdə bir araya gəlməsinin vacibliyini və ortaq mövqedən çıxış etməsinin praktiki əhəmiyyətini dəfələrlə qeyd edib. Prezident bütün bunları deklarativ çıxış kimi yox, iqtidar və müxalifətin birgə əməkdaşlıq edə biləcəyi “yol xəritəsi” kimi səsləndirib və ümummilli məsələlər anlayışına daxil olan məqamları, komponentləri də konkret olaraq göstərib.

Bu baxımdan, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 05.03.2021 tarixdə keçirilən VII Qurultayındakı çıxışında siyasi dialoqla bağlı səsləndirdiyi fikirlər çox önəmlidir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”. Gördüyümüz kimi dövlət başçısının bu fikirlərində ümummilli məsələlər kifayət qədər dəqiq və aydın şəkildə vurğulanıb.

Onu da qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin gedişində Prezidentin bu fikirləri ən parlaq bir şəkildə öz təzahürünü tapdı. Biz Prezidentin “Ümummilli məsələ Qarabağ məsələsidir” bəyanatının real inikasını həmin günlərdə bilavasitə müşahidə etdik və özümüz də o prosesin əyani iştirakçısı olduq. Belə ki, həmin vaxt radikal və marginallaşmış siyasi qüvvələri çıxmaq şərtilə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bir araya gəldi, ümummilli mənafelərimiz naminə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, Şanlı Ordumuza dəstək verdi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün milli birlik, həmrəylik mövqeyindən çıxış etdi. Bu da siyasi partiyaların Prezidentin bəyan etdiyi “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” prinsipinə real dəstəyinin və siyasi dialoq çağırışına sağlam münasibət sərgiləməsinin ən parlaq təzahürü idi.

Cənab Prezident 2020-ci ilin noyabrında Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində istənilən başqa ölkələrdə olduğu kimi Azərbaycanda da siyasi dialoqun vacibliyi məsələsinə toxunmuş və belə bir səmimi fikir səsləndirmişdi: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”. Bu fikir ölkə başçısının müxalifətlə dialoqun, əməkdaşlığın nə dərəcədə vacib olduğuna münasibətinin göstəricisidir. Hər bir ölkədə dövlət və hakimiyyət güclü və sağlam müxalifətin olmasında maraqlı olmalıdır. Çünki İlham Əliyevin özünün də çıxışlarından birində qeyd etdiyi kimi müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır.

İqtidar-müxalifət münasibətlərinin bu cür sağlam məcrada təşəkkül tapması ölkənin ümumi inkişafına təkan verir və yeni siyasi mədəniyyətin oturuşmasına yol açır. Sevindirici haldır ki, son iki ildə yeni yanaşmalar üzərində siyasi dialoqun başlanması, hakimiyyət tərəfindən bu istiqamətdə bir sıra önəmli addımların atılması və müxalifət partiyaları tərəfindən də buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarıb. Bu mənada ötən iki ili ölkədə “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi kimi dəyərləndirə bilərik.

Bu mərhələ ilk növbədə onunla xarakterizə olunur ki, ötən iki il müddətində siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələr bir xeyli inkişaf etdirildi, siyasi münasibətlərdə köhnə stereotiplərin bir çoxu aradan qaldırıldı, ayırıcılığa şərait yaradan ifadələr leksikonumuzu tərk etdi, ümumən siyasi sistem əhəmiyyətli dərəcədə sağlamlaşdırıldı, “siyasi dialoq” anlayışının demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi prosesi baş tutdu. Buna paralel olaraq biz bu dövrü sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması dövrü kimi də, siyasətdə xalqın real təəssübkeşlərini və xarici qüvvələrin gizli və ya leqal dostlarını bir-birindən ayırd etmək dövrü kimi də, qərəzli mövqelərdən çıxış edən tərəflər üçün səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr kimi də qiymətləndirə bilərik.

Ötən dövr həm də siyasi mühitimizdə sağlam münasibətlərin oturuşmasının tərəfdarlarını müəyyən etmək baxımından və eyni zamanda müxtəlif vasitələrlə ölkədə hökm sürən sabitlik və həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan bəzi təxribatçı qüvvələrin ifşa olunması nöqteyi-nəzərindən olduqca əhəmiyyətli dövr kimi səciyyələndirilməlidir. Maraqlıdır ki, regionda yeni reallıqların formalaşması prosesi də məhz bu dövrə təsadüf edir. 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın parlaq Qələbəsi ilə başa çatması, Ermənistanın və onun havadarlarının hər vəchlə qoruyub saxlamağa çalışdıqları bədnam “status-kvo”nun aradan qaldırılması və dünya birliyinin Azərbaycanın öz ərazi bütövlüyünü hərbi güc tətbiqi ilə bərpa etməsinə normal münasibət sərgiləməsi Cənubi Qafqazda həqiqətən də yeni reallıqların yaranmasına səbəb oldu. Bu isə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar üçün də yeni reallıqların yaranması demək idi. Qalib ölkənin qalib iqtidarı və qalib partiyalarının münasibətləri yeni mərhələyə qədəm qoydu. Bu mərhələni postmüharibə reallıqlarına adaptasiya dövrü də hesab etmək olar.

Ötən iki ilin ən önəmli hadisələrindən biri də heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsidir. Bu qanunun qəbul edilməsi ölkənin siyasi mühitində yeni reallıqlar yaradıb. Qanunun hazırlanması prosesi siyasi dialoqun genişləndirilməsi üçün maksimum əlverişli şərait yaratdı. Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 dəfə ictimai dinləmə keçirildi. Habelə partiyaların layihə ilə bağlı iradlarına və təkliflərinə isti münasibət göstərildi. Nəticədə bu dinləmələrdən sonra sözügedən qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Bu çox mühüm nəticədir.

Beləliklə, yeni qanunun siyasi partiyalarla əməkdaşlıq şəraitində hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü kimi yox, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəvisinə çıxaran ali siyasi iradənin təzahürü kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, iqtidar siyasi dialoq prinsiplərinə sadiqdir və məhz iqtidarın təşəbbüsü ilə siyasi proseslərdə iştirak edən bütün tərəflər açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunur və bunun üçün real şərait yaradılır.

Açıq etiraf etməliyik ki, ölkəmizin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olundu. Biz “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qəbul edilməsi prosesində partiyaların yaxından iştirak etməsinə ilk növbədə bu aspektdən yanaşırıq. Bu bir danılmaz faktdır ki, dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərin balansına xidmət edir. Partiyaların siyasi dialoqda fəal şəkildə şəkildə iştirak etməsi təkcə iqtidar-müxalifət münasibətlərinin sivilləşməsinə deyil, həmçinin partiyalarla cəmiyyətin daha yaxın olmasına xidmət edir. Bu da son heç şübhəsiz ki, siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün unikal şərait yaradır.

Bu gün biz əminliklə deyə bilərik ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi dialoq məfhumuna tamamilə yeni məzmun gətirdi və siyasi aktorların keyfiyyətcə yeni mərhələyə keçməsinə yol açdı. Həm yeni qanun, həm də bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq prosesi iqtidar-müxalifət münasibətlərinin yeni və daha təkmil konstruktiv modelə transformasiya edilməsinə imkan yaradıb. İndi ölkədə sağlam siyasi dialoq üçün kifayət qədər etibarlı zəmin var. Lakin təəssüflər olsun ki, siyasi dialoqu inkar edən qüvvələr də yox deyil və onlar siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir. Bu isə bəzi partiyaların anti-Azərbaycan qüvvələrin əlində ölkəmizə qarşı sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaradır və nəticədə siyasi sabitliyin qorunmasına, siyasi sistemin dayanıqlı inkişafına təhdid yaradan mənfi amilə çevrilir.
Bu cür partiyaların xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilməsi çox asandır. Onlar açıq rəqabətə hazır olmadıqlarına və “ana müxalifət” eqosuna əsaslanan inhisarçı mövqeyini itirmək istəmədiklərinə görə iqtidarın siyasi dialoqu inkişaf etdirmək təşəbbüslərini və “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini xüsusi inkarçılıq və aqressiya ilə qarşıladılar. Onların siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış etməsi də məhz bundan irəli gəlir. Bu qüvvələr böhtan və yalan xarakterli bəyanatları ilə əslində özlərini ifşa etdilər.

Əfsuslar olsun ki, zaman və reallıqlar dəyişsə də, radikal müxalifətin barışmaz inkarçı mövqeyi və tənqidi ritorikası hələ də dəyişmir. Lakin onların tənqidi ritorikası emosional və spekulyativ xarakterli tavtalogiyadan, demaqogiyadan başqa bir şey deyil. Radikal müxalifətin köhnəlmiş ritorikasının əsas məqsədi ölkəmizdə yeni təxribat xarakterli situasiyaların yaradılmasıdır. Görünən budur ki, siyasi dialoq təkliflərini və “Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə minməsini inkar edən radikallar yeni şəraitə adaptasiya ola bilmədiklərini hiss edərək yenə də bütün ümidlərini küçə etirazlarına bağlayırlar. Onların “Siyasi partiyalar haqqında” yeni Qanuna özləri üçün “qara kabus” kimi baxmaları da məhz bundan irəli gəlir. Çünki bu yeni qanun anti-Azərbaycan qüvvələrin siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır. Xarici qüvvələrin maraqlarına xidmət edən radikalların narahatlığı da ilk növbədə bundan qaynaqlanır. Radikalların qeyri-obyektiv və qərəzli siyasi ritorikaya gen-bol rəvac verməsi bilavasitə həmin xarici qüvvələrin maraqlarına xidmət etməyinin təzahürüdür.

Bu ritorika həm də hazırkı iqtidarın istər siyasi müstəvidə, istərsə də ərazi bütövlüyümüzün bərpası istiqamətində əldə etdiyi uğurlarının gözdən salınmasına hesablanıb. Ona görə də iqtidarın siyasi dialoqla bağlı radikal müxalifətə ünvanladığı açıq mesajları müsbət nəticə vermir. Ancaq onlar bir həqiqəti dərk etmirlər ki, rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Qəzəb və nifrət dolu ritorika nə ölkəmizin mənafelərinə, nədəki iqtidarla müxalifət arasında sağlam əməkdaşlıq münasibətlərinin formalaşmasına xidmət etmir. Qərəzli çıxışlar, obyektivlikdən uzaq böhtan dolu şərhlər, qarşıdurmaya çağıran ritorika yalnız və yalnız cəmiyyətin parçalanmasına xidmət edir.
Radikallar başa düşməlidirlər ki, bu gün iqtidar tərəfindən onlara təklif olunan siyasi dialoqun emosiyaların və qərəzli hisslərin təsiri altında inkar edilməsi açıq-aşkar milli həmrəyliyə qarşı çıxış etmək deməkdir. Lakin heç bir partiyanın milli həmrəyliyə zərbə vurmağa nə mənəvi, nədəki siyasi haqqı yoxdur. Heç bir siyasi partiya özünün dar firqə maraqlarını ümummilli maraqlardan üstün tuta bilməz.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş