Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyaları davam etdirilir.
“+ 82 Masazır” su anbarı ərazisində təşkil olunmuş növbəti ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ ağaclar əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin kollektivi fəal iştirak edib.
Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Yubiley tədbirləri çərçivəsində digər idarə və müəssisələr, hidrotexniki qurğuların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.
Sevinc