Azərbaycan-Qazaxıstan münasibətləri strateji müttəfiqlik mərhələsinə keçib. Azərbaycan prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri bu müttəfiqliyi daha da gücləndirmək məqsədi daşıyırdı. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan prezidenti İlham Əliyev Astanada Ali Dövlətlərarası Şuranın yaradılması haqqında birgə bəyanat və protokol imzaladıblar. Bu Şura ikitərəfli münasibətlərin inkişafını sürətləndirən layihələr üzərində işləməlidir.
İki dövlət arasında hazırki ticarət dövriyyəsinin həcmi 500 milyon dollardır. Ticarət dövriyyəsinin iki dəfə artırılaraq 1 milyard dollara çatdırılması planlaşdırılır. Bunun üçün iki dövlət arasında böyük layihələrin reallaşdırılması vacibdir. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur. Keçən il kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq 146 milyon dollar təşkil edib.
İki layihə Azərbaycanla Qazaxıstan arasındakı geostrateji əlaqələri daha da gücləndirəcək.
Birinci layihə neftin nəqlidir. Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq istəyir. Bu ildən başlayaraq Qazaxıstan nefti Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilməyə başlayıb. Qazaxıstan nefti tankerlərlə Xəzər dənizi üzərindən Səngəçal terminalına, buradan isə Bakı-Tbilisi-Ceyhan boru xəttinə çatdırılır. Astananın məqsədi aydındır, neftin dünya bazarlarına nəqlini şaxələndirmək istəyir. Qazaxıstan dünya neft ehtiyatının 2 faizinə malikdir, gündə 2 milyon barrel neft istehsal edir. Bu neftin 80 faizi Rusiya ərazisindən Qara dənizdəki Novorosiysk limanına çatdırılır. Ancaq bu marşrut etibarlı deyil. Rusiyadan keçən boru xəttində tez-tez qəzalar baş verir və buna görə Qazaxıstan neftinin nəqli dayandırılır. Bu zaman Qazaxıstanın gəlirləri azalır. Rusiya bır sıra hallarda Qazaxıstan neftinin nəqlini siyasi səbəblərdən əngəlləyir. Astana Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra bir neçə dəfə Qazaxıstandan neft nəqlini əngəlləyib.
Qazaxıstan neftinin əsas alıcılarından biri Çindir. Ancaq bu ölkəyə neftin nəqlinin daimi olması Qazaxıstan-Çin münasibətlərinin səviyyəsindən asılıdır. İki ölkənin nəqliyyat daşımalarında bir sıra hallarda fasilələr yaranır. Misal üçün Çin bir müddət Qazaxıstanla ixdal-ixrac əməliyyatlarını məhdudlaşdırmışdı. Çin Qazaxıstanla sərhəddə nəqliyyat vasitələrinin girişinə qadağa qoymuşdu. Astana ehtiyat edir ki, bu gərginlik Çinə neftin nəqlinə mənfi təsir edə bilər. Buna görə də Qazaxıstanın siyasi dairələrində hesab edirlər ki, neftin dünya bazarlarına sabit nəqlinin ən münbit yolu Azərbaycan üzərindən dünya bazarlarına çatdırılmasıdır.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin aprelin 7-də Azərbaycana səfərinin əsas məqsədlərindən biri məhz Qazaxıstan neftinin nəqli ilə bağlı idi. Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin nəql edilməsini təklif edib. Neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük ediləcək. Bu məsələnin Gürcüstanla da razılaşdırılmasına ehtiyac var idi. Qazaxıstan neftinin nəqlinin həcminin artırılması Azərbaycanla yanaşı Gürcüstanın da maraqlarına cavab verir. Ümumilikdə Azərbaycan və Gürcüstan üzərindən nəql edilən Qazaxıstan neftinin 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.
İkinci layihə Orta Dəhlizdir. Bu layihə də Azərbaycanla Qazaxıstan biləşdirir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam gücüylə işləməsi üçün iki ölkə arasında logistika xidmətlərinin təkmilləşdirilməsi, birgə nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması lazımdır. Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair 2022-2027-ci illər üçün Yol Xəritəsi var. Bu marşrutla Şərq-Qərb istiqamətində yüklərin sabit və operativ çatdırılması təmin edilməlidir.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri