Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri, həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.
Səfər zamanı Saleh Məmmədov Laçın şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə yetirilmiş işlər 40 fazidən artıqdır.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Layihələrin icra vəzityyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yol boyu torpaq yatağının və yol əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Sevinc