Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Səbinə Xasayeva şəhid ailəsini ziyarət edib

Deputat Səbinə Xasayeva şəhid ailəsini ziyarət edib


Milli Məclisin deputatı Səbinə Xasayeva Ramazan bayramı ərəfəsində - aprelin 13-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Mahmud Fərman oğlu Əhmədovun ailə üzvlərini ziyarət edərək onların problem və qayğıları ilə maraqlanıb, ailəyə bayram sovqatı təqdim edib.

Newscenter.az xəbər verir ki, şəhidin həyat yoldaşı Zəhra Əhmədova (birinci Qarabağ müharibəsində Füzuli uğrunda döyüşdə qəhrəmancasına şəhid olan Məhərrəmov İman Sovet oğlunun yeganə övladıdır) şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Mahmud Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa şəhərində anadan olub. Əvvəlcə Asif Abdullayev adına Ağstafa şəhər 2 nömrəli məktəbdə, daha sonra Texniki Humanitar təmayüllü liseydə təhsil alıb. Hərbi xidmətini başa vurduqdan öz istəyi ilə imtahan verərək müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Bir müddət Şəmkirdə, sonra Ağstafa rayon Qırılı kəndində, N saylı hərbi hissədə xidmət göstərib. Ordan isə Mingəçevirə ezam olunub.

Azərbaycan Ordusunun əsgəri Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azadlığı uğrunda Vətən müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. 18 oktyabra kimi Bərdə rayon xəstəxanasında müalicə alıb. Lakin o, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də isə Laçın rayonu istiqamətində gedən şiddətli döyüş zamanı idarə etdiyi tankın düşmən hədəfinə tuş gəlməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ağstafada Şəhidlər Xiyabanında dəfn olunub.

Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad edilməsində, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mahmud Əhmədov ölümündən sonra “ 3-cü dərəcəli Rəşadət “ ordeni, "Vətən uğrunda" medalı, “Cəsur döyüşçü” medalı, “Laçının azad edilməsinə görə” medalı,”Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.

Anar
Xəbəri paylaş