İşğaldan azad edilən Laçın şəhərinin yenidən qurulması, Laçının dünyada turizm məkanı kimi tanıdılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. Xəbər verdiyimiz kimi, belə layihələrdən biri də Həkəri çayı sahilində reallaşdırılacaq “CamperPark Həkəri” layihəsidir.
Sözügedən layihənin müəllifi, Sevara Groupun rəhbəri, laçınlı iş adamı Rəşad Quliyev Newscenter.az-a bildirib ki, layihə yalnız Həkəri çayının sahilində turizm zonasının yaradılması ilə yekunlaşmayacaq. İş adamı burada digər mühüm layihələr də həyata keçirməyi düşünür. O bildirib ki, layihələrdən biri də Laçında “Həşərat Hoteli”n yaradılması olacaq:
"Belə ki, Avropada ”Həşərat Hoteli” adı ilə məşhur olan müxtəlif arı və böcəklərin yuva qurmasına və qış yuxusuna getmələri üçün istifadə edilən üsul Laçında da tətbiq ediləcək. CamperPark Həkəri ekoparkında quraşdırılacaq “Həşərat Hotelləri” əraziyə xeyli faydalı həşəratların gətirilməsi ilə, təbii zərərvericilərə qarşı mübarizə aparmaqla yanaşı, çiçəklərin tozlanmasında da böyük rola sahib olacaq. Xatırladım ki, Laçın Azərbaycanda arıçılıq təsərrüfatının ən inkişaf etmiş rayonlarından biridir".
Anar