Türkiyədə təhsil alan tələbələrin Azərbaycana quru sərhədi ilə keçməsinə icazə verilib. Belə ki, Türkiyədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.
Məsələ ilə bağlı “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyindən Newscenter.az-a bildirilib ki, bu çoxdan gözlənilən qərar idi və sözügedən qərarın verilməsi qardaş ölkədə təhsil alan gənclərimizin ölkəyə qayıdşı zamanı daha az vəsait sərf etmələrinə imkan yaradacaq:
“Xüsusilə, bu qərarın tələbələrin yaxın qohumlarına da şamil edilməsi təqdir olunandır”.
İctimai Birlikdən o da qeyd edilib ki, göstərilən vaxtın bir qədər uzadılması daha məqsədəuyğun olardı: “Belə ki, hazırda Türkiyədə ali təhsil müəssisələrində dərslər və imtahan onlayn qaydada olsa da, lakin canlı dərs keçirilən və imtahan qəbul edilən universitetlər də var. Həmin tələbələrin tətili isə iyunun sonlarından başlayır. Ona görə də daha yaxşı olardı ki, qərarda göstərilən tarix iyulun 10-dək uzadılsın. Həmçinin, tələbələrin quru sərhədləri vasitəsilə Türkiyəyə gedişinə də icazə verilsə, daha yaxşı olardı”.
Natiq