“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 8 nömrəli tam orta məktəbdə keçirilib.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti, beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli olub.
Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə B.Aslanbəyli məktəb illəri, sevimli müəllimləri ilə bağlı xatirələrindən, həyat yolunun maraqlı məqamlarından, sürətlə dəyişən dünyada nəsillər arasında yaşanan oxşar və fərqli cəhətlərdən söz açıb. Qonaq məşğul olduğu fəaliyyət sahələrindən, əldə etdiyi nailiyyətlərdə aldığı təhsilin və qazandığı təcrübələrin rolundan danışıb.
B.Aslanbəyli böyük enerji layihələrinin müəllifi və iştirakçısı kimi Azərbaycanın regionda artan nüfuzu, bu layihələrin gələcək perspektivləri, ölkəmizin alternativ enerji potensialı barədə məktəbliləri məlumatlandırıb. Qonaq, həmçinin məşğul olduğu sahələr arasında xüsusi yeri olan müəllimlik fəaliyyətinin həyatındakı yeri və rolundan söz açıb, ixtisas seçimi ilə bağlı gənclərə tövsiyələr verib, şagirdləri düşündürən suallara aydınlıq gətirib.
Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandırıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.
R.Mehdiyeva