Anadan olmasının 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan iqtisadiyyatının dirçəlişində və inkişaf etməsində xüsusi rolu olduğunu hamı qəbul edir. O, bir təcrübəli siyasətçi, müdrik strateq kimi ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, ordu quruculuğunda, torpaqlarımızın erməni işğalından azad edilməsində və təhlükəsizliyimizin təmin edilməsində güclü iqtisadiyyata malik bir dövlət olmağın nə demək olduğunu çox yaxşı bilirdi.
Azərbaycanda siyasi anarxiyanın və iqtisadi xaosun hökm sürdüyü bir vaxtda – 1993-cü ilin iyununda xalqın dəvəti ilə Bakıya gələn və ölkəni parçalanmadan xilas edən Ulu Öndər, iqtisadiyyatı zəif olan gənc dövlətin ayaqda qalmasının, mövcudluğunu davam etdirməsinin praktiki olaraq mümkünsüz olduğunu başa düşürdü. Belə bir hərcmərclik şəraitində və iqtisadi sistemin tamamilə çökdüyü bir vəziyyətdə nə siyasi-iqtisadi böhrandan çıxmaq, nədəki torpaqları işğaldan azad etmək mümkün deyildi. Bu mənada, iqtisadiyyat bütün dövlətlər kimi gənc Azərbaycan dövlətinin də dirçəlişinin və inkişafının özəyini təşkil edəcəkdi.
Heydər Əliyev mövcud vəziyyəti düzgün dəyərləndirirdi. O, iqtisadi imkanlarımızı götür-qoy edir və mümkün riskləri də nəzərə alırdı. Zatən bəlli idi ki, Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar, böyük potensial mövcuddur. Ona görə də Ulu Öndər 1993/94-cü illərdəki əksər çıxışlarında qeyd edirdi ki, “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var”.
Milli müstəqillik ölkənin iqtisadi potensialından, iqtisadi inkişafından birbaşa asılıdır. Bu baxımdan Heydər Əliyev başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialının respublikamızın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradacağını hiss edirdi, görürdü və o, bu potensialdan düzgün istifadə etməyə çalışırdı. Heç şübhəsiz ki, iqtisadiyyatı güclü olan dövlət hər bir hədəfə nail olmağa qadirdir. Bu, isbata ehtiyacı olmayan adi aksiomadır. Və Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) gələcək iqtisadi gücümüzün təməllərinin qoyulması üçün böyük işlər görüb.
1991-1993-ci illərdə dağılan sovet iqtisadi sisteminin yerini iqtisadi xaos və tənəzzülün əvəz etməsi Heydər Əliyevin ikinci hakimiyyət dönəmi üçün ən pis miraslardan biri idi. Üstəlik yenicə müstəqillik qazanmış ölkənin müharibə ilə, işğalla üzləşməsi durumu daha da dramatikləşdirirdi. Ona görə də müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün xüsusi bir plana, “yol xəritəsi”nə ehtiyac vardı. Bu “yol xəritəsi”ni də məhz Heydər Əliyev təqdim etdi. O, iqtisadi tənəzzülün qarşısını tez bir zamanda almağa, böhranı aradan qaldırmağa nail oldu.
1994-cü ilin sentyabrında bütün geosiyasi maneələrə rəğmən “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq olan və beynəlxalq sərmayəni Azərbaycana gətirməyi bacaran Ulu Öndərimizin ardıcıl və qətiyyətli siyasətinin nəticəsində, 1996-cı ildən etibarən ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü start götürdü.
Heydər Əliyev iqtisadi dirçəlişə nail olmaq üçün sahibkarlığın inkişaf etdirilməsi, vergilərin tənzimlənməsi istiqamətində bir sıra islahatlar həyata keçirdi, geniş özəlləşdirməyə getdi. “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət Proqramının qəbul edilməsi ölkədə kiçik və orta sahibkarların sayının artmasına yol açdı. 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunların qəbul olunması ilə köklü aqrar islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı.
Ümumən, 1995-2003–cü illərdə imzalanan mühüm beynəlxalq müqavilələr və həyata keçirilən geniş islahatlar bir tərəfdən müstəqilliyimizin oturuşması üçün möhkəm baza yaratdı, digər tərəfdən isə iqtisadi inkişafa stimul verdi və xarici ölkələrlə sıx iqtisadi-ticarət əlaqələrinin yaranmasına gətirib çıxardı. Bütün bunlar məhz Heydər Əliyevin cızdığı milli iqtisadiyyat modelinin müsbət nəticəsi hesab olunur.
Ulu Öndər hələ 10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Andiçmə mərasimində çıxışı zamanı bəyan etmişdi ki, “biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq biz bu yolu keçməliyik”. Şükürlər olsun ki, bütün çətinliklərə rəğmən biz bu yolu uğurla keçməyi, Azərbaycanın müstəqilliyini qorumağı və iqtisadiyyatımızı dirçəltməyi bacardıq. Heydər Əliyevin apardığı siyasət və gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyətlə davam etdirilir. İndi Azərbaycan daha böyük uğurlara imza atmaq imkanlarına malikdir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri