Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub.
Newscenter.az xəbər verir ki, əvvəlcə çıxış edən Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru, Özbəkistan və Qazaxıstanın əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qayınana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasını daim mühüm hadisə kimi qarşılandığını vurğulayıb. Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirərək, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında daim dostluq, qardaşlığın tarixi haqqında danışaraq, ötən əsrin əvvəllərində azərbaycanlıların Türkistanın mədəni həyatında mühüm rol oynadıqlarını, Azərbaycan müəlliflərinin əsərlərinin Özbəkistan səhnəsində dəfələrlə nümayiş etdirildiyini bildirib. O, bu ənənənin davamı kimi Azərbaycanda məşhur olan Məcid Şamxalovun “Qayınana” əsərinin Özbəkistan səhnəsində tamaşaya qoulmasına görə Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Daha sonra Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rejissoru Dastan Xaqverdiyevin quruluşunda "Qayınana" tamaşası nümayiş etdirilib.
Özbək aktyor və aktirasalarının repertuarında təqdim olunan “Qaynana” tamaşasında Cənnət obrazını Özbəkistan Respublikasının əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə obrazlarını Gulasal Raxmanova, Ayaz obrazını Omon Yuldaşev, Sevda obrazını Arofat Erqaşova, İlqar obrazını Ravşan İbraqimov, Sədaqət obrazını Zilola Abdullayeva və başqaları canlandırıblar.
Tamaşanın musiqi tərtibatçısı Özbəkistan Respublikasının Fəxri Mədəniyyət Xadimi Karima Uzakova, dirijoru isə “Şöhrət” ordenli Akmal Turayevdir.
Özbək dilində təqdim olunan tamaşada musiqilər azərbaycanca ifa olunmuş, bir çox məşhur səhnələr tamaşaçıların alqışları ilə qarşılanmışdır.
“Qaynana” komediyasının Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında on gün nümayişi nəzərdə tutulub.
Anar