Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ və Şərqi Zəngəzurun bütün əraziləri kimi Qubadlı rayonu da yenidən qurulur

Qarabağ və Şərqi Zəngəzurun bütün əraziləri kimi Qubadlı rayonu da yenidən qurulur


Bu gün Qubadlı rayonuna səfər edən Cənab Prezident erməni vandallarının dağıdıb taladığı məşhur Xanlıq kəndinin təməlini yenidən qoydu.

Xeyirli-uğurlu olsun!

Təməlqoyma mərasiminin kadrlarını izləyərkən qeyri-adi hisslər yaşadım. Sevinc və nisgil hissləri bir-birinə qarışdı.
Xanlıq mənim doğma kəndimdir. Mən bu kənddə anadan olmuşam, orada böyümüşəm. Və Birinci Qarabağ müharibəsi zamanı həm Xanlıq uğrunda, həm də digər ərazilərimiz uğrunda döyüşmüşəm, yaralanmışam.
Düz 30 ildir ki, mən Xanlıqdan uzaq düşmüşəm. Bir çox soydaşlarımız kimi biz də məcburi köçkün həyatının bütün əziyyətlərinə qatlaşmışıq.

Şükürlər olsun ki, indi artıq məcburi köçkün sayılmırıq. 44 günlük İkinci Qarabağ savaşında Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman əsgər və zabitlərimiz, qazilərimiz Xanlıq kəndini də düşmən tapdağından azad etdilər. Məcburi köçkünlüyün ağır yükü üzərimizdən götürüldü. Buna görə əziz şəhidlərimizin ruhu qarşısında da baş əyirik.

İndi Qarabağ və Şərqi Zəngəzurun bütün əraziləri kimi Qubadlı rayonu da yenidən qurulur, bərpa olunur. Bu gün isə Qubadlının ən böyük kəndlərindən biri sayılan, strateji nöqtədə yerləşən Xanlıq kəndinin də təməlqoyma mərasiminə şahidlik etdik.

Qarabağ və Şərqi Zəngəzur hazırda nəhəng bir tikinti meydanını xatırladır. Orada gecəli-gündüzlü intensiv inşaat-bərpa işləri görülür. Mən oradakı qızğın iş mühitini öz gözlərimlə görmüşəm. Ağdamda, Zəngilanda, Şuşada olduğum səfərlər zamanı hər kəsin Böyük Qayıdış naminə fədakarlıq göstərdiyini müşahidə etmişəm.
Xanlıq kəndi də fədakar insanlarımızın əməyi sayəsində tezliklə bərpa olunacaq. Mən əminəm ki, Böyük Qayıdış hədəfimizin bir mərhələsi kimi Xanlığa qayıdışımız da möhtəşəm olacaq. İnşAllah gün gələr birbaşa Xanlıqdan paylaşım edərik.

Bu günkü təməlqoyma münasibətilə Xanlıqdan olan bütün yurddaşlarımızı təbrik edirəm. Cənab Prezidentə isə təşəkkürümüzü bildirirəm. İnşAllah Xanlıqda görüşərik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş