Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
YAP Binəqədi rayon təşkilatı və 276 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə şagirdlərin əl işlərindən ibarət Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi diqqət və qayğısı barədə danışıb.
Ümummilli Liderə həsr olunmuş tədbirdə BDU-nun Tarix fakültəsinin dekanı, professor İ.Zeynalov geniş məruzə ilə çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, müstəqil Azərbaycanın bugünü üçün Ulu Öndərin rəhbərliyi görülən genişmiqyaslı işlərdən bəhs edib və bu barədə tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini H.Əsgərov dövlətin, dövlətçiliyin formalaşdırılmasında Ulu Öndərin xidmətlərindən bəhs edib, həmçinin onun bu istiqamətdəki fəaliyyətindən irəli gələn dəyərlərin qorunub saxlanılmasının vacibliyinə toxunub. Müdir müavini bütün həyatı boyu Azərbaycanın gələcəyini düşünən Ulu Öndərin strateji yanaşmasının parlaq nəticələrinin hələ uzun illər müşahidə olunacağını bildirib.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini S.Süleymanova və YAP Binəqədi rayon təşkilatının sədri V.İsmayılov təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən bəhs edib, bu kimi tədbirlərin Ümummilli Liderin zəngin siyasi irsinin, şərəfli həyat yolunun gənc nəslə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Tədbirdə məktəbin şagirdləri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə hazırladıqları dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.
R.Mehdiyeva