İkinci Dünya müharibəsi ötən əsrin ən dəhşətli müharibələrindən biri oldu. Dünya müharibəsi dünyanın nizamını pozdu. Sabiq SSRİ üçün bu müharibə Vətən müharibəsi idi. Digər müttəfiq respublikalar kimi Azərbaycandan da on minlərlə gənc müharibəyə aparıldı. Azərbaycan bütünlüklə müharibəyə səfərbər olundu. Böyük şair Səməd Vurğunun
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən,
misraları döyüş əmrinin, qələbə ruhunun poetik ifadəsi idi. Azərbaycan bütövlükdə Vətən müharibəsinə səfərbər olunmuşdu.
“Tütək səsi” bədii filmini xatırlayıram. Camaat cəbhə üçün, döyüşən ordu üçün nələr etmirdi? – ziynət əşyalarını verirdi, əmək haqqını verirdi, “qara gün” üçün saxladığı olan-qalan pulunu verirdi. Bu film Azərbaycan cəmiyyətinin o dövr üçün obrazı kimi qəbul edilməlidir. Xalq müharibəni belə yaşayırdı.
O illərdə analar qələbə naminə oğullarını döyüşən orduya inamla, ümidlə göndərirdi.
Azərbaycanda istər sənaye, istərsə də kənd təsərrüfatı müharibə şəraitinə müvafiq fəaliyyət göstərirdi.
Vətən müharibəsində SSRİ-nin ali rütbəli sərkərdələri Azərbaycanın qələbə naminə fədakarlığını etiraf edirdi: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi” (Sovet İttifaqı Marşalı Georgi Jukov); “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur” (Sovet İttifaqı Marşalı Konstantin Rokosovski); “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar” (Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin).
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.
Azərbaycan Böyük Vətən müharibəsində döyüşlərdən uzaqlarda olsa da müharibənin ağrı-acıları hər evi sıxırdı. Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri dörd il azərbaycanlı anaların iztirablarını ifadə edirdi. Böyük Vətən müharibəsində ata və oğulları döyüşürdü, qardaşlar döyüşürdü. İsa İsmayılzadə “Böyüdülmüş şəkillər” poemasında müharibənin bir çalarını Azərbaycandan, eləcə də Borçalıdan müharibəyə aparılan bir yeniyetmənin etirafı ilə ifadə edirdi:
Güllələr demədi: Qayıdın geri,
Hələ uşaqsınız, nə yaşınız var.
Getdilər, döyüşdülər, minlər geri dönmədi, minlərin əvəzinə “qara kağız”lar gəldi...
Azərbaycanlı döyüşçülər qələbə naminə mərdliklə döyüşürdülər. Səngərlərdən arxada Vətən olduğunu dərk edib qəhrəmanlıqla döyüşdülər. Gəray Əsədovun, İsrafil Məmmədovun, Məlik Məhərrəmovun, Məzahir Abbasovun və başqalarının qəhrəmanlıqları Böyük Vətən müharibəsinin ilk vaxtlarında örnək olmuşdu. Sağ qalan, döyüşü davam etdirən azərbaycanlı igidlər Azərbaycanın qəhrəman oğlu adını Sovet İttifaqı Qəhrəmanı adı ilə qoşa yaşadırdı.
Mehdi Hüseynzadənin qəhrəmanlığı əfsanələşmişdi. Partizan hərəkatında bu ad Yuqosloviyanın qəhrəmanlıq rəmzi olmuşdu. Faşizm üzərində qələbədən 78 il keçir. Uzaq Yuqoslaviya Mixaylonu – Mehdi Hüseynzadəni indi də ehtiramla xatırlayır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1973-cü il mayın 9-da Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışında onun partizan hərəkatında iştirakından, döyüş yolundan danışaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç zaman silinməyəcək”.
Böyük Vətən müharibəsində neçə-neçə Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ancaq qələbə naminə misilsiz xidmətlərinə görə Azərbaycanın paytaxtına – Bakıya “Qəhrəman şəhər” adı verilmədi... Böyük Vətən müharibəsində Azərbaycan elmi də döyüşürdü – akademik Yusif Məmmədəliyevin timsalında bu elm döyüşən aviasiyanı yüksək oktanlı benzinlə təmin edirdi. Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılmışdı. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verilmişdi. 300-dən artıq mühüm ixtira istehsalata tətbiq edilmişdi. Nəticədə 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlanmışdı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunmuşdu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.
Böyük Vətən müharibəsində Azərbaycan ədəbiyyatı da, mədəniyyəti də, incəsənəti də əsgərləşmişdi. Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə yazdığı və qələbəyə həsr etdiyi “Sənsiz”, “Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeydmanla birgə yazdığı “Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrəli”, "Qəzəl”, "Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dilbərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi “Vətən operası” (libretto müəllifi İ.Hidayətzadə) əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.
İlham Əliyev deyib: “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını ümumi qələbəmiz naminə qurban verib.”
Tarix deyir ki, II dünya müharibəsində Azərbaycan sənayesi tamamilə müharibə şəraitinə uyğun işləyirdi. Digər sahələr kimi maşınqayırma da döyüşən ordunun sənayesi idi. O vaxtlarda respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.
Azərbaycan Böyük Vətən müharibəsində döyüşən ordunun ən cəfakeş respublikalarından biri (bəlkə də birincisi!) olmuşdu. Bu azərbaycanlıların milli mentaliteti ilə bağlı olan bəşəri xarakterdir. Sonrakı illərdə də xalqımız Vətənimiz Azərbaycan üçün əsgərləşmiş ömür yaşadı, indi də ömür payını belə yaşayır.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı