Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlişir Nəvai adına Universitetdə Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib

Əlişir Nəvai adına Universitetdə Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən bu ali məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyev və müstəqillik” adlı birgə tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan sözügedən universitetin prorektoru professor Bahadır Xalıqov Özbəkistan-Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə məlumat verib. O, Ulu Öndərin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğunu qeyd edib, Heydər Əliyevin biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verdiyini bildirib. B.Xalıqov “Heydər Əliyev Fondu”nun hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbaycana yeni məktəb” kimi layihələr çərçivəsində ölkədə yüzlərlə məktəb binasının inşa edildiyini vurğulayıb.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı roldan söz açaraq bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu vurğulayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin bir məktəb olduğunu qeyd edən K.Məmmədzadə gənc nəslin yetişməsində bu məktəbdən faydalanmağı tövsiyə edib, onun nitqilərində yer alan ümumbəşəri hikmətamiz fikirlərin hər bir vətəndaş üçün həyat kodeksi olmasını vurğulayıb. Özbəkistandakı Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev ili ilə bağlı layihələrdən söz açan K.Məmmədzadə artıq bu sahədə bir neçə böyük tədbirin keçirildiyini, konfransların, dostluq konsertlərinin təşkil olunduğunu, Özbəkistanda “Heydər Əliyev – 100” poçt markasının buraxıldığını, Ulu Öndərin hikmətamiz fikirlərinin özbək və türk dillərinə tərcümə olunaraq artıq nəşrə hazırlandığını vurğulayıb.

Universitetin kafedra müdiri, professor Nurbay Cabbarov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişafı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. O müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu islahatların ölkənin hazırkı rəhbərliyi tərəfindən inamla davam etdirildiyini bildirib.

Professor Səadət Muxammedova çıxışında Heydər Əliyevin Azərbaycan dilinə vermiş olduğu böyük əhəmiyyət və dəyərdən söz açaraq, müasir Azərbaycan dilinin bir dövlət dili kimi formalaşmasında, güclənməsində Ulu Öndərin xüsusi xitmətlərindən söz açıb.

Universitetin dosenti Gülbahar Aşurova Heydər Əliyevin elm, təhsil və mədəniyyətə dəstək verən siyasətçi kimi xarakterizə edərək onun Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən söz açıb.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən universitetdə yaradılmış Məhəmməd Füzuli adına Azərbaycan ocağının tələbələrdən ibarət “Füzuli dilbəndləri” qrupunun üzvləri Heydər Əliyev və Azərbaycan haqqında şeirlər səsləndiriblər.

Anar Əliyev

Xəbəri paylaş