Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 52 nömrəli tam orta məktəbdə təşkil olunan ağacəkmə aksiyasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edib.
Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkmək, ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etməkdən ibarətdir.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva ölkəmizdə ənənə halını alan bu cür tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. İdarə müdiri Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirdiyini və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.
M.Vəliyeva müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasətin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
BŞTİ-nin müdiri bu gün əkilən ağaclara qulluq etməyin məktəb kollektivi ilə yanaşı, həmçinin şagirdlərin üzərinə düşdüyünü bildirib.
BŞTİ tərəfindən təşkil olunmuş aksiya zamanı müxtəlif növlərə aid ağac tingləri əkilib.
R.Mehdiyeva