Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunda İsa bulağı küçəsinin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsinin təmirini başa çatdırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, ortalama eni 7 metr olan küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşlarının yenilənməsi, 890 kvadratmetr piyada səkilərinin bərpası işləri yerinə yetirilib.
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunub, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılıb. Sonda isə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.
Sevinc Mehdiyeva