Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT nümayəndəsi Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzini ziyarət edib

BMT nümayəndəsi Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzini ziyarət edib


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən cənab Nuno Queirosun başçılıq etdiyi nümayəndə heyəti Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzini ziyarət edib.

Newscenter.az xəbər verir ki, görüşdə iqlim dəyişmələrinə adekvat uyğunlaşma tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən və planlaşdırılan işlər, Erkən Xəbərdarlıq Sisteminin ilkin mərhələsi kimi Situasiya Mərkəzinin yaranması, modernləşdirilməsi, sistemin rəqəmsallaşdırılması barədə məlumatlar verilib.

Eyni zamanda, avtomatlaşdırılmış hidroloji və meteoroloji stansiyalardan, doppler radarlardan avtomat rejimində daxil olan, həmçinin vizuallaşdırılan məlumatların emalı və paylanması əyani şəkildə göstərilib.

İşğaldan azad olunmuş ərazilərdə hidroloji və meteoroloji stansiyalar şəbəkəsinin inkişaf etdirilməsi üzrə fəaliyyət, ölkəmizdə hidrometeorologiya xidmətinin optimallaşdırılması istiqamətində aparılan islahatlar barədə də qonaqlar məlumatlandırılıb.

Daha sonra Nuno Queiros digər ölkələrin analoji xidmətləri ilə tanış olduğunu, lakin bir çox ölkələrdə Azərbaycanda fəaliyyət göstərən Situasiya Mərkəzi kimi önəmli qurumun mövcud olmadığını bildirib və xatirə kitabçasına ürək sözlərini qeyd edib.

Sevinc Mehdiyeva
Xəbəri paylaş