Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvan şəhərində Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib

Şirvan şəhərində Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib


Şirvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Şirvan şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçinin mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisinə baxış keçirilib. Daha sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı keçirilib.

“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans YAP Şirvan şəhər təşkilatının inzibati binasında davam edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər haqqında “Xalqın adamı” filmi nümayiş olunub.

Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin fəaliyyəti, siyasi irsi haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasi irsi ilə əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Bu irs çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan ən ali meyardır. İlqar Abbasov hazırda Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini vurğulayıb.

Sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ulu Öndər haqqında çıxışını 3 istiqamətdə davam etdirib. İlk olaraq onun təhsilin, xüsusilə də ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı, müəllim əməyinə verdiyi qiymət xüsusi vurğulanıb. Növbəti istiqamət kimi Ulu Öndərin sənayeləşmə siyasəti diqqətə çatdırılıb. Rektor qeyd edib ki, bugünkü iqtisadi uğurların təməlində məhz Heydər Əliyevin sənayeləşmə siyasəti dayanır. Üçüncü istiqamət kimi reformaların aparılması göstərilib ki, bu da Heydər Əliyevin hər zaman dəstəklədiyi istiqamətlərdən olub. Rektor deyib ki, qeyd olunan istiqamətlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərin müasir texnologiyaları mənimsəyərək dünya standartlarına cavab verən kadr kimi hazırlanması Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir.

Daha sonra çıxış edən AzTU-nun məsləhətçi-professoru Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrindən söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü onun tələbəlik illərinə təsadüf edib. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi, onun tapşırığı ilə gənclərin xaricdə təhsil almağa göndərilməsi, ölkənin bütün sahələrdə inkişafı ilə bağlı qərarları xalq tərəfindən böyük rəğbətlə qarşılanıb. Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrini xronoloji ardıcıllıqla konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışlardan sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bir qrup şəxsin partiya üzvlüyünə qəbul olunduğunu bildirib və onlara üzvlük vəsiqələri təqdim olunub.

Konfrans Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

R.Mehdiyeva
Xəbəri paylaş