Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də içməli sudan səmərəli və qənaətlə istifadənin təmin olunması, sudan qanunsuz istifadə hallarının aradan qaldırılması, bu sahədə qanunvericiliyin tələbləri və maarifləndirmə tədbirlərinə həsr olunmuş brifinq keçirilib.
Newscenter.az-ın xəbərinə görə, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, qlobal iqlim dəyişiklikləri və quraqlıq son illər dünyada su ehtiyatlarının azalması tendensiyası Azərbaycanda da müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması mühüm tədbirlər həyata keçirilir.
Su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su itkilərinin, israfçılığın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. ADSEA sədrinin əmrinə əsasən, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu və Bağlar massivi üzrə işçi qrupları yaradılıb və yerli icra hakimiyyəti orqanları ilə birgə iş aparılır. İçməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə Fəaliyyət Planı təsdiq edilib və may ayının 1-dən işlərə başlanılıb. İlk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr, bir sözlə, iri su istehlakçılarının su sərfi təhlil olunur.
Elektron idarəertmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı qeyri-qanuni qoşulmalar barədə məlumat verərək bildirib ki, bəzi vətəndaşlar və obyekt sahibləri texniki şərt almadan özbaşına su xətti çəkirlər, bəzi hallarda isə abonent sayğacından əlavə qeyri-qanuni xətt çəkərək sudan istifadə edir. Belə hallara daha çox Bakıətrafı qəsəbələrdə, xüsusilə Binəqədi, Abşeron, Sabunçu, Suraxanı və Xəzər rayonlarında rast gəlinir.
Cari ilin may ayından başlayaraq sudan qanunsuz istifadə hallarına qarşı tədbirlər gücləndirilib. May ayının ötən dövrü ərzində 1500-ə yaxın iri su istehlakçısında yoxlanma aparılıb və onların 23 faizində nöqsanlar aşkarlanaraq 180 min kub metrə yaxın sərfiyyat bərpa edilib. Eyni zamanda 1865 əhali abonentinə sudan qanunsuz istifadə etdiyi üçün 431 min dəymiş ziyan hesablanıb və artıq həmin məbləğin 140 min manatı ödənilib.
“Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini Nofəl Bağırzadə su təchizatı sahəsində qanunvericiliyin tələbləri və onun pozulması halları barədə məlumat verib. Bildirib ki, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qanunsuz hesab edilir. Belə hallar aşkar edildikdə, su təchizatı müəssisəsi qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.
Suyun israfçılıqla istifadə edilməsi və qanunsuz qoşulmaqla suyun talanması ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsi ilə məsuliyyət nəzərdə tutulub. Sudan istifadə qaydalarına əsasən, su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə, qanunsuz xətti dərhal su təchizatı dayandırılmalı və dəymiş zərərin ödənilməsi tələb edilməlidir. Sudan qanunsuz və israfçılıqla istifadə edənlər bəzi hallarda bu tədbirlərin görülməsinə meneə yaratmağa cəhd edirlər. Bu kimi hallara yol verən şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulub. Eyni zamanda sudan qanunsuz istifadə ilə bağlı Cinayət Məcəlləsində də məsuliyyət nəzərdə tutulub. Məcəlləyə əsasən talanmış suyun dəyərindən asıllı olaraq bu hallara yol vermiş şəxslər inzibati qaydada cərimə olunmaqla yanaşı, islah işləri, azadlığın məhdudlaşdırılması, hətta xüsusi ilə külli miqdarda ziyan vurduqda azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xidmət haqqını ödəməməklə və sudan qanunsuz istifadə etməklə bir sıra şəxslər bununla davamlı su təchizatının təmin edilməsinə maneə yaradır.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Sevinc Mehdiyeva