Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar qəbul-görüşlərindən birində iştirak etdik. Bildiyiniz kimi özündə xalqın iradəsini ifadə edən möhtərəm cənab prezident İlham Əliyevin uğurlu daxili siyasət konsepsiyasına əsasən mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının rəhbərləri mütəmadi olaraq yerlərdə vətəndaşlar ilə səyyar qəbul-görüşləri keçirir, onların problemlərini dinləyir və həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atırlar.
Təbii ki, bütün bunlar vətəndaş məmnunluğunu təmin etmək üçün həyata keçirilir. Tərtərdə baş tutan görüşdə etdiyim müşahidələr bu istiqamətdə görülən işlərin müsbət nəticələr hasil etdiyini mənə göstərdi. Səyyar qəbulun keçirildiyi Vüqar Həsənov küçəsində yerləşən yaşayış binaları bir neçə il əvvəl qəzalı vəziyyətə olub. Ancaq sonradan prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və Tərtər Rayon İcra Hakimiyyətinin yüksək təşkilatçılığı ilə problem aradan qaldırılıb və vətəndaşların rahatlığı təmin olunub.
Səyyar qəbul-görüşlərin Tərtər nümunəsi həqiqətən də ürəkaçan ab-hava yaradır və prosesə mühüm töhfə verir. Uzun illər ərzində düşmənlə üz - üzə qalan, ancaq bir an belə geri çəkilməyən, göz qırpadan ölümə gedən qəhrəman tərtərlilər bu ağır dönəmlərdən alnı açıq, başı dik çıxmağı bacarıblar. Bunun özü ən yüksək vətənpərvərlik nümunəsidir!
Anar Salehoğlu,
İctimai-siyasi fəal