Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, paytaxt məktəblərində təşkil olunan tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Vurğulanıb ki, Azərbaycanda hər zaman uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür.
Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsinə göstərdiyi qayğı və diqqət deməyə əsas verir ki, bu məsələ dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Eyni zamanda tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
R.Mehdiyeva