Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq hüquqlarının qorunması dövlətimizin prioritet məsələlərindəndir

Uşaq hüquqlarının qorunması dövlətimizin prioritet məsələlərindəndir


Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Hər bir ölkə uşaqları qorumağı, hüquqlarını müdafiə etməyi özünün əsas vəzifəsi hesab edərək dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edir. Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. Bu məqsədlə də 1950-ci il 1 iyun tarixi Uşaqların Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. BMT uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu gün böyük təntənə ilə yüksək səviyyədə qeyd edilir.

Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Qeyd etmək lazımdır ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilmişdir.

Ölkəmiz uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərə qoşulmuş, uşaq hüquqlarının müxtəlif aspektllərini özündə əks etdirən qanunlar qəbul etmiş, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyinin ilk illərində qoşulduğu beynəlxalq sənədlərdən biri məhz “Uşaq hüquqları haqqında” Konvensiya olmuşdur. Xüsusilə vurğulamaq istəyirəm ki, bu sahədə qəbul edilmiş dövlət proqramları uşaq hüquqlarının müdafiəsində mühüm əhəmiyyət daşımışdır.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. “Uşaq ili”nin elan edilməsi respublikada uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədini daşıyaraq mühüm əhəmiyyətə malik olmuşdur. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir.

Cəmiyyət inkişaf etdikcə təbii ki, tələblər dəyişir, yeni çağırışlar meydana gəlir. “Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır”-cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Ölkəmiz uşaqları bu cür təhlükələrdən qorumaq məqsədi ilə həm də 2001 - ci ildə “Kibercinayətkarlıq haqqında” Budapeşt konvensiyasına da qoşulmuşdur.2018-ci ildə qəbul edilmiş və 2020-ci ildə qüvvəyə minmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun bu sahədə çox mühüm rol oynayacaqdır. 2019-cu ildə Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulmuşdur.

Ümumiyyətlə, müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir.

“Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üzrə Milli Fəaliyyət Planı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir.

Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi nəticəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar.

Əlbəttə ki, uşaqlardan danışarkən bu sahədə burada Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd etmək lazımdır. Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Azərbaycanda uşaqların müdafiəsi aparılan sosial siyasətin mühüm tərkib hissəsidir və hazırda qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlar sosial təminat sistemi ilə əhatə edilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 18 yaşadək əlilliyi olan şəxslər, ailə başçısını itirən, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və s. kateqoriyadan olan uşaqlar, habelə 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər, işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları aylıq sosial ödənişlə təmin edilir. Uşağın anadan olmasına görə isə birdəfəlik müavinət ödənilir. Qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi imkanları artdıqca bu ödənişlərin məbləği də artır. Xüsusilə son beş ildə ölkəmizdə reallaşdırılan 4 sosial islahat paketi nəticəsində müavinət və təqaüdlər üzrə ödənişlərdə 5 dəfə artım olmuşdur. Bu da onu göstərir ki, ölkə başçısı İlham Əliyev əhalinin, o cümlədən uşaqların sosial müdafiəsinin gücləndirilməsinə hər zaman diqqət göstərir.

Azərbaycan ötən dövrdə BMT-nin «Uşaq hüquqları haqqında», BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən olunub və uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağandır.

Ölkəmizdə övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir. Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılımışdır. Hazırda ölkəmizdə “Himayədar ailə” modelinin də tətbiqinə hazırlıq işləri aparılır. Bu günlərdə bu məsələ ilə bağlı qanunverisilikə mühüm əlavə və dəyişikliklər edilmişdir. Məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaradılmasıdır. Bu gün bizi düşündürən əsas məsələlərdən biri valideyn məsuliyətidir. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Bu gün ən mühüm məsələlərdən biri valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində bir sıra çətinliklərin yaranmasıdır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşir. Bununla bağlı, reabilitasiya mərkəzlərində sosial xidmətlər göstərilir. Gələcəkdə bu istiqamətdə işlər daha da genişləndiriləcəkdir.

Hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar. Çünki ancaq, müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla, Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür. Cənab Prezident öz çıxışlarında, əsasən də uşaq və gənclərlə görüşlərində qeyd edir ki, “İnkişaf etmiş ölkə olmaq üçün gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun”. Biz çox şadıq ki, bu gün balalarımız, gənclərimiz çox uğurlu layihələrə, startaplara imza atırlar. Bir çox yerli və beynəlxalq tenderlərdə iştirak edir və qalib olurlar. Onların sırasında qızların olması isə bizi ikiqat sevindirir.

İyirmi birinci əsr gənclərin qarşısında bir sıra vəzifələr qoyur. Bu missiya nədən ibarətdir? Biz informasiya və innovativ texnologiyalar dövründə yaşayırıq. Biz necə etməliyik ki, gənclərimiz dünyadakı inkişafa uyğunlaşa və rəqabətə davam gətirə bilsin? Bunun üçün nə etmək lazımdır? Əlbəttə ki, gənclərimiz ilk növbədə sağlam, təhsilli, peşəkar olmalıdır ki, əmək bazarında rəqabətə dayanıqlı olsun. Ən əsası isə Vətəni sevmək və onun daha da güclü olması üçün çalışmaq lazımdır. Prezident İlham Əliyevin sözləri ilə desək: “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”. Biz öz övladlarımızla, gənclərimizlə çox böyük qürur hissi keçiririk, onlarla fəxr edirik. 44 günlük Vətən Müharibəsində onların göstərdikləri qəhrəmanlıqlar, igidliklər, vətənpərvərlik nümunələri bir daha göstərdi ki, biz böyük və mərd xalqıq.

Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqlar xoşbəxt həyat sürəcəklər və müharibədən, zorakılıqdan uzaq sağlam həyat yaşayaraq rifah içində böyüyəcəklər. Uşaq hüquqlarının qorunması və müdafiəsindən danışarkən bu gün dünyada baş verən münaqişlərdən əziyyət çəkən uşaqlara xüsusilə qayğı göstərmək lazımdır. Bizdə öz tariximizdə bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onlardan 300 mindən çoxu uşaqlardır. Müharibə və onun dəhşətləri, uşaqlarda dərin psixoloji iz buraxmışdır. II Qarabağ müharibəsi zamanı erməni hərbi-siyasi rəhbərliyi hərbi əməliyyatlardan dəfələrlə uzaq məsafədə olan şəhər və kəndlərimizə raket zərbələri endirir, dinc əhalini, o cümlədən, uşaqları da qətlə yetirirdi. Lakin bizim yaralı, valideynlərini itirən balalarımız öz təbəssümü və qorxmaz baxışları ilə düşmənə, erməni terrorçularına meydan oxudu. Onların qisası isə döyüş meydanında alındı.

Uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir. Uşaqların hərtərəfli böyüməsi və inkişaf etdirilməsi üçün çalışmalıyıq. Bu istiqamətdə dövlət tərəfindən də lazimi dəstək göstərilir. Biz, dövlətimizin gələcəyi olan uşaqların sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüməsi üçün bütün gücümüzü səfərbər etməliyik.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri üzrə komitəsinin sədri, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş