Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) may ayı ərzində 581 zəng daxil olub.
Newscenter.az xəbər verir ki, zəng edən vətəndaşların 213 nəfərinin müraciəti yerindəcə, 316 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 52 müraciət digər qurumlara yönləndirilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.
“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir.
R.Mehdiyeva