Türkiyədə milli valyuta dəyər itirməkdə getdikcə sürətlənir. Artıq, 1 ABŞ dollarına nəzərən türk lirəsi az qala 24-25 lirəyə çatır. Bunun tezliklə 25 lirəni keçmə ehtimalı vardır. Ümumiyyətlə, təkcə builin əvvəlindən 15-16 % dəyərsizləşmə baş verib. Hələ iki il öncə eyni mövzuda məqaləmdə yazmışdım ki, lirə xarici valyutalara nəzərən əvvəllər də vaxtaşırı olaraq ucuzlaşsa da bu, müəyyən zaman çərçivəsində baş verib və proses sonradan ya səngiyib, ya da əks dinamika nümayiş etdirib.
Budəfəki dəyərsizləşmə isə öz davamlılığı ilə, həm əvvəlkilərdən daha sürətli xarakter daşıması və getdikcə dərinə işləməyə meyl etməsi, həm də ümumiyyətlə, nəzarətdən çıxma qorxusu yaratması ilə seçilir.
Lirə hələ bir neçə il bundan öncədən ən birinci ona görə ucuzlaşmağa doğru start götürdü ki, Türkiyə iqtisadiyyatına təzyiqlər başlandı. Söhbət, hələ pandemiyadan öncəki vaxtdan gedir. Qərbin təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından demək olar bugün də davam edir. Nəticədə ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə sıfır vəziyyətinə düşdü. Bu isə ölkəyə xarici valyuta axınını kəsdi. İnvestisiya avtomobilə benzin tökmək kimi bir şeydir: iqtisadiyyata kapital qoyuluşu olmadısa hərəkətlilikdən heç bir söhbət gedə bilməz.
İkincisi, üstəgəl pandemiya... 2020-ci ildə bir sıra iqtisadi fəaliyyət sahələri qapandı və məhdudiyyətə alındı, iqtisadi fəallıq məcburən çərçivəyə salındı. Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi ki, bu sahəyə görə sözügedən ölkə dünyanın ən tanınmış ölkələrindən sayılırdı. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurduğundan, Ankara bu mənada daha çox şey itirdi. Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə, dünyada qiymətlər yüksəldi. Enerji daşıyıcıları bahalaşdı, ərzaq məhsullarının qiyməti qalxdı, digər növ məhsullar üzrə də təklifin tələbi ödəyə bilməməsi situasiyası yarandı ki, bu da zəncirvari reaksiya yolu ilə bütün ölkələrdə həm idxalı, həm də yerli istehsalı bahalaşdıraraq inflyasiyaya əlavə təsir və təzyiqlər yaratdı.
Ankaranın valyuta xərcləri yüksəldi. Bu isə biznes dairələrinin işləri daraldı, riskləri artırdı. Sahibkarlar gözləmə mövqeyi seçməklə yalnız özlərini sığortalamaq haqda düşünməyə başladı. Lirənin illər öncədən başlayaraq nədən düşməyə başladığı sadaladığım bu səbəblər siyahısını bir az da uzatmaq olar. Hələ dövlətin xaricə borc öhdəlikləri və sair üzrə ödənişlərini demirəm, hansı ki, bu özü də ölkədən kənara valyuta çıxışına səbəb oldu.
Yəni, demək istədiyim odur ki, türk lirəsinin dəyərsizləşməsi yeni tendensiya deyil, xeyli əvvəl başlayıb və artıq, uzun müddətdir davam edir. Prezident seçkilərindən sonra isə prosesin bir az daha sürətlənəcəyi məlum idi. Odur ki, indi də bunu müşahidə edirik.
Ölkədə valyuta ehtiyatları qeyri-qənaətbəxş səviyyəyə düşüb. Kapital axını olmadığından, vəziyyət çox kritikdir. Hazırda hər şey yeni hökumətin nə kimi siyasət yürüdəcəyindən asılıdır. İqtisadi sabitlik, investisiyalar üzrə fəallıq bərpa olunmasa, inflyasiya prosesi səngiməsə lirənin aqibəti acınacaqlı ola bilər. Ehtimal var ki, yeni hökumət böhranın dərinə işləməsinin qarşısını alacaq. Lakin... Sual olunur ki, çıxış yolu nədədir ?!
Türkiyədə "açıq bazar", yəni üzən məzənnə rejimi hökm sürür. Məsələ bundadır ki, Türkiyənin ixracdan geniş məbləğdə valyuta gəlirləri əldə etmək imkanı yoxdur. Məsələn, bizdə Mərkəzi Bank manatın dollara münasibətini əlində saxlayır. Bu da ixrac etdiyimiz neftin və qazın hesabınadır. Odur ki, infilyasiyanı cilovlaya, nisbətən məhdudlaşdıra və nəzarətdə saxlaya bilirik. Türkiyənin isə əlində belə bir vasitə yoxdur.
Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi ölkəyə investisiya gəlmir. İllər öncə Avropa və digər ölkələrdən investorlar gəlirdi. Lakin siyasi səbəblər ucbatından investorlar ölkədən kənarlaşdı. Bir ölkəyə kənardan pul axını olmadıqda isə, istər-istəməz onun valyutası titrəməyə başlayır. Lakin ortada müəyyən şanslar vardır. O da bundan ibarətdir ki, ilk növbədə ölkədə infilyasiyanın qarşısı alınmalı, iqtisadiyyatda sabitlik əldə olunmalıdır. Kənara kapital axını bütün vasitələrlə məhdudlaşdırılmalı, Türkiyə Mərkəzi Bankı sərt pul-kredit siyasətinə keçməlidir.
Çox qəribə idi ki, bütün yuxarıda qeyd olunanlar fonunda Türkiyə Mərkəzi Bankı isə uçot dərəcəsini aşağı salır - ucuz pul-kredit siyasəti həyata keçirirdi. Lirənin kəskin ucuzlaşması səbəbləri aydın göründüyü halda, hökumətin, xüsusən də müvafiq situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə “odun üzərinə bu cür benzin səpmək” siyasətinin nə məqsəd daşıdığı hələ də aydın deyil. Belə şəraitdə pulun dəyərini hökumət siyasəti ilə əlavə olaraq ucuzlaşdırmaq siyasəti hansı məntiqə sığırdı, izah olunmur.
Milli pul vahidini dəyərdən salmaq yolu ilə iqtisadi aktivliyi yüksəltmək və ixracı genişləndirmək metodu bu şəraitdə əsla effekt verə bilməzdi və vermədi də. Bunu türk məhsullarının qiymətlərinin heç də aşağı düşməməsi faktı da sübut etməkdədir. İstehsalda maya dəyəri qalxdığı təqdirdə yerli məhsullar necə ucuzlaşa bilər?
Sözün qısası, ölkənin valyuta gəlirlərinə diqqət artırılmalı, ən çox xarici valyuta gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atılmalı - müvafiq güzəştlər tədbiq olunmalıdır.
Ümumiyyətlə, əgər yeni hökumət təcili bir sıra tədbirlər görməsə, ehtimal edirəm, xaricdən külli miqdarda kredit götürmək məcburiyyəti yaranacaq. Lakin qardaş ölkə iqtisadiyyatının - lirənin təcili böhrandan çıxması bizim üçün də vacibdir.
Pərviz Heydərov-iqtisadçı