"Təhsil Tələbə Krediti Fondu yaradılanda həm onun müsbət tərəflərini qeyd etmişdim, həm gələcəkdə yaradacaq risklərində bildirmişdim ki, bu sahədə kredit siyasətinin konturları dəqiq və ciddi cızılmasa, gələcək üçün başqa bir problemin əsası qoyula bilər. Çünki, inkişaf etmiş ölkələrdə belə bu mexanizmlə oxuyan tələbələrin xeyli hissəsi sonra kreditlərini qaytara bilmir. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə bu mexanizm əla fürsətlər açsa da, amma 20-25 il sonra üçün ciddi risklər yaradır".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. İqtisadçı daha sonra bunları qeyd edib:
"Ona görə yenə bu mövzuya toxundum ki, dünən ABŞ Prezidenti Co Bayden 804 min amerikalı tələbənin 39 milyard dollar borcunu silib. Bütün dünyada iş imkanlarına görə birinci olan ölkədə 3 milyondan çox insan tələbə olarkən aldığı kreditləri qaytara bilmirsə, indi inkişaf etmiş ölkələrdə bu prosesdən qaçmaq olacaqmı? Çətin! Həm də elə bilməyin ki, Amerika 39 milyardla bu problemi həll etdi. Xeyr!
Çünki, hələ 5 il əvvəl, 2018-ci ilin sonlarına doğru ABŞ-da ödənilməmiş ali təhsil kreditlərinin həcmi 1 trilyon 465 milyard dollara çatmışdı. İndi bəlkə də 2 trilyonu haqlayıb".
İqtisadçının qənaətincə, odur ki, tələbələr həvəsə düşüb kreditin yaratdığı riskləri dərk etməyə bilər, amma həm dövlət, həm də valideynlər bu məsələyə çox çiddi yanaşmalıdır.
Anar Əliyev