"148-ci ilini qeyd edən Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər böyük bir yol keçib. Bu yol şərəfli olduğu qədər də, çətin və keşməkeşli olub. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan mətbuatı özünü ayaqda tuta, inkişaf və tərəqqi edə bilib".
Bu fikirləri Newscenter-az-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayilbəyli səsləndirib. İctimai Birlik sədri deyib ki, günümüzdə Azərbaycan mətbuatının inkişaf və tərəqqisini şərtləndirən başlıca amil zamanında ümummilli lider Heydər Əliyevin KİV-ə diqqət və qayğı ilə yanaşması, eləcə də bu siyasətin hazırda Cənab prezident İlham Əliyev tərəfindən davam etdirilməsidir:
"Bu gün Azərbaycan mətbuatı dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunub. Jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mətbuat nümayəndələri üçün çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib, redaksiyaların maddə texniki bazasının yaxşılaşdırılması məqsədilə zaman-zaman dövlət tərəfindən KİV-lərə yardımlar ayrılıb".
Süleyman İsmayilbəyli bildirib ki, media da öz növbəsində dövlətin, şəxsən dövlət başçısı Cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan stimul alaraq daha məhsuldar və çevik işləyir, dövlətin maraqlarını hər zaman müdafiə edir.
Anar Əliyev