"Siyasi partiyalar haqqında" yeni qanun qüvvəyə mindikdən sonra ölkəmizin siyasi mühitində sözün əsl mənasında böyük bir hərəkətlənmə müşahidə olunmaqdadır. Yeni qanuna əsasən hər bir partiyanın azı 5.000 üzvünün olması və həmin üzvlərin reyestrinin Ədliyyə Nazirliyinə təqdim edilməsi tələbi partiyaları əməlli-başlı hərəkətə gətirib. Biz bu hərəkətlənməyə siyasi arenada baş verən təbii ələnmə prosesi də deyə bilərik. Bəli, hazırda ölkənin siyasət meydanında ələnmə prosesi gedir. Və bu da normaldır. Siyasi partiyaların klub və ya dərnək səviyyəsindən yüksələrək ciddi siyasi subyektlərə çevrilməsi, institutlaşması vacib və labüddür.
Ancaq müşahidələr isə onu göstərir ki, siyasi mühitimizə dəyişim ab-havasının gəlməsi, partiyalardan ciddi şəkildə təşkilatlanmanın tələb edilməsi bəzi siyasi liderlərin heç də ürəyincə deyil. Onlar "Siyasi partiyalar haqqında" yeni qanunun kriterlərinə uyğunlaşa bilməyəcəklərini və bu üzdən bağlanma perspektivi ilə üzləşə biləcəklərini hiss edərək hadisələri qabaqlamağa, “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət etməyə, necə deyərlər, nəlbəkidə fırtına yaratmağa başlayıblar. Buna siyasi şou yaratmaq cəhdi də deyə bilərik. Və hazırda ən fəal siyasi şou ustası rolunda məhz REAL Partiyasının sədri İlqar Məmmədov çıxış edir.
Belə ki, 27 siyasi partiya öz üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etsə də, sözügedən nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına və ilkin nəticələrin açıqlanmasına ən çılğın və cığal reaksiya məhz REAL Partiyasından və onun sədrindən gəldi. Yoxlama-araşdırma zamanı partiyaların bəzilərinin təqdim etdikləri siyahılarda bir sıra qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair bu kimi neqativ faktlar müəyyən olunub və həmin partiyalara bu barədə rəsmi məlumat verilib.
Bu məsələdə REAL Partiyası ən acınacaqlı durumda olan partiya kimi diqqət cəlb edir. Çünki onun Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda cəmi 463 nəfərin reyestr məlumatları tam dəqiqdir. Burdan da belə bir ictimai rəy formalaşıb ki, REAL-ın cəmi 463 üzvü varmış. Bu reallıq cəmiyyətdə həqiqətən də şok effekti yaratdı. Bəziləri hətta bunu siyasi yumor hədəfinə çevirdilər.
Ədliyyə Nazirliyi, digər siyasi partiyalarla yanaşı sözsüz ki, REAL Partiyasına da müraciət edərək reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb və eyni zamanda, qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə, partiyaların işçi qrupları ilə nazirliyin müvafiq mütəxəssislərinin intensiv əməkdaşlığı üçün şərait də yaradıb. Lakin İlqar Məmmədov isə Ədliyyə Nazirliyinin müraciətində təqdim olunan faktlara, rəqəmlərə təmkinlə yanaşmaq və sözügedən qüsurları aradan qaldırmaq istiqamətində gərəkən operativ tədbirləri görmək əvəzinə, isterik davranış sərgiləməyə, sosial şəbəkə hesabından ard-arda paylaşımlar edərək özünü növbəti dəfə “siyasi qurbanlıq” nümunəsi kimi təqdim etməyə başladı. Onun son günlərdəki Facebook paylaşımlarında və tələm-tələsik keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalarda manipulyasiya, şantaj, süni ajiotaj, psixoloji təzyiq cəhdləri ilə yanaşı, demaqogiya və nəhayət, çarəsizlik elementləri də sezilir. Əlbəttə, biz bütün bunlar barədə bu yazıda ətraflı danışacağıq.
Ancaq ilk növbədə isə mən sizin hamınızın diqqətini İlqar Məmmədovun “siyasi napoleonluğ”una yönəltmək isttəyirəm. “Siyasi napoleonluq” məşhur fransız yazıçısı və siyasi publisisti Andre Moruanın ictimai-siyasi leksikona gətirdiyi bir ifadədir. 20-ci əsrin 60-70-ci illər Fransasının siyasi reallıqlarından bəhs edən A.Morua qeyd edirdi ki, indi Fransanın ictimai-siyasi mühitində çoxlu balaca napoleoncuqlar peyda olub və onların hər biri özünü yeni dövrün Napoleon Bonapartı hesab edir. Fransalı yazıçının bu müşahidəsini eynilə bizim REAL Partiyasının çılğın liderinə də şamil etmək mümkündür. O da özünü siyasətimizin balaca napoleonu kimi aparır və ona elə gəlir ki, Ədliyyə Nazirliyinin reyestrlə bağlı bütün partiyaların qarşısına qoyduğu qanuni tələblər guya hazırkı iqtidarın şəxsən onun özü ilə və REAL ilə seçkidə rəqabət aparmaq istəmədiyinə görə ortaya çıxıb.
Başqa sözlə desək, Napoleon get-gedə özünü dünyanın hakimi rolunda görməyə başladığı kimi İlqar Məmmədova da elə gəlir ki, siyasətin “Yer Kürə”si yalnız onun personası ətrafında fırlanır. Bu adamda bu qədər özünəheyranlıq, özünəvuğunluq görəsən hardandır? Bu nəyin eqosudur? Bu cür sərhədsiz, limitsiz müştəbehliklə bu adam hansı siyasi “planet”i fəth etmək istəyir? Yəni bu adamın məsləhətçiləri, imicmeykerləri heç yoxmu? Allah xətrinə, biri ona desin ki, bu qədər narssisizm kənardan heç də yaxşı əlamət kimi görünmür. Bu adamda narssisizm sadəcə və sadəcə qıcqırır.
İndi də gələk manipulyasiya, süni ajotaj və psixoloji təzyiq məsələsinə. Bu adam şüurlu, planlı surətdə öncədən süni ajiotaj yaratmaqla (çay gəlməmiş çirmənməklə), qabaqdangəlmişlik etməklə, “hakimiyyət bizi qeydə almaq istəmir”, “hakimiyyət qarşıdakı seçkiyə buraxmamaq üçün REAL-ı bağlamağa çalışır” kimi manipulyativ fikirlərlə ictimai rəyi çaşdırmağa və bu yolla da hakimiyyətə psixoloji təzyiq göstərməyə çalışır. O, israrla iddia edir ki, rəhbərlik guya şəxsən onu 10 ildir bütün seçkilərdən kənarda qoyub və indi də qarşıdakı seçkiyə buraxmamaq üçün REAL-ı bağlamağa çalışır. Əlbəttə, İlqar Məmmədovun bu iddiası olduqca gülünc görünür. Çünki onun düşündüyünün əksinə olaraq ölkə rəhbərliyinin İlqar Məmmədov adında və REAL adında bir problemi yoxdur. Sosial şəbəkədəki əksər paylaşımları gülüş smaylikləri ilə qarşılanan və 5 min nəfər real üzvü belə toplamağa çətinlik çəkən, bu məsələni təcili həll etmək üçün sosial şəbəkə üzərindən insanlara REAL-a üzv olmaq üçün davamlı çağırışlar edən, lakin biganə münasibətlə üzləşən bir siyasətçi və onun partiyası iqtidara ciddi rəqib ola bilməz. “REAL partiyası ölkəmizin Respublika yolunda qalması üçün sonuncu fürsətdir” deməklə deyil ki.
İlqar Məmmədova elə gəlir ki, bu gün ölkədə az qala hamı öz saatını məhz REAL Partiyasının saatı ilə tutuşdurur və guya çox adam REAL-ın qeydiyyat məsələsini bundan sonra necə bir ölkədə yaşayacağını anlamaqdan ötrü izləyir, "çıxaq gedək, ya qalaq?" sualına cavab axtarır. Bu düşüncələr bir daha onu göstərir ki, İlqar Məmmədov həqiqətən də reallıq hissini itirib. O, sanki cəmiyyətdən qopmuş kimi, özünün təxəyyülündə uydurduğu paralel bir dünyada yaşayırmış kimi fikir yürüdür. Nədənsə, o, özünü inandırıb ki, REAL-ın guya cəmiyyətdə böyük nüfuzu var və hökumət bu partiyanı qapatsa, çoxları ölkəni tərk edəcək. Ancaq əsl həqiqətdə isə, bu, sadəcə İlqarın fantaziyasının məhsuludur. Bu saat ölkədə rəy sorğusu keçirilsə, çoxlarının ölkədə REAL adında partiyanın mövcudluğundan xəbərsiz olduğu üzə çıxacaq. Ona görə də mən təklif edirəm ki, sosioloji sorğu mərkəzləri mütləq belə bir rəy sorğusu keçirsinlər, qoy, İlqar Məmmədov gözlərindəki çəhrayı eynəyi çıxarsın, o sorğunun nəticələrini öz gözləri ilə görsün və reallıq hissinə qayıtsın. Və görsün ki, nazirliyə təqdim etdiyi siyahıda hətta 16 nəfər ölünün də yer aldığı bir partiyanın sədrinin özünü hakimiyyətə ciddi rəqib hesab etməsi nə qədər gülməlidirsə də, elə bir o qədər də absurddur.
Ona görə də, İlqar Məmmədovun Ədliyyə Nazirliyinin məlum müraciətlərinə isterik reaksiyası gerçəkdən də yersizdir. Əlbəttə, İlqar Məmmədov öz aləmində hesab edə bilər ki, guya, iqtidar REAL-ın qarşıdan gələn parlament, prezident və bələdiyyə seçkilərində iştirak etməyini istəmədiyinə görə partiyanın təqdim etdiyi siyahını yararsız elan edib. Ona bu cür düşünməyi heç kim qadağan edə bilməz. Ancaq reallıq isə REAL-ın sədrinin düşündüyü kimi deyil. Hakimiyyət REAL Partiyasının sözügedən seçkilərdə iştirakını nəyə görə istəməməlidir ki? Axı son 2-3 ildə hakimiyyətlə REAL arasında kifayət qədər normal , konstruktiv münasibətlər formalaşıb. Belə ki, İlqar Məmmədov son dövrlərdə dövlət rəsmiləri ilə görüşüb, Prezident Administrasiyasının işğaldan azad edilmiş ərazilərə təşkil etdiyi partiya sədrlərinin birgə səfərlərinə qatılıb. Ən əsası isə REAL-ın qurucularından biri sayılan Erkin Qədirli Milli Məclisdə təmsil olunur. Bu cür danılmaz faktların fonunda, indi birdən-birə nə baş verib ki, iqtidar REAL-ı qapatmaq, İlqar Məmmədovu onun iddia etdiyi kimi seçkilərdən kənarda saxlamaq istəyir?
Əslində heçnə baş verməyib. İlqar Məmmədov adətinə (şakərinə) uyğun olaraq həmişəki kimi yenə də yersiz hay-küy salır, aranı qatmaq və necə deyərlər, bulanlıq suda REAL balıq tutmaq istəyir. Ancaq emosiyaları bir kənara qoyub, vəziyyəti real şəkildə qiymətləndirəsi olsaq görərik ki, REAL-ın təqdim etdiyi siyahının nazirlik tərəfindən qəbul edilməməsi və siyahının yenidən tərtib edilməsi üçün partiyaya 30 gün vaxt verilməsi adi prosedur qaydadır. Digər partiyalar da oxşar durumla üzləşə bilər. Məsələn, bəlli olub ki, Müsavat Partiyasının da Ədliyyə Nazirliyinə təqdim etdiyi analoji siyahıda da təxminən eyni boşluqlar, əyər-əskikliklər ortaya çıxıb. Bu mənada, REAL sədrinin isterikaya qapılması həqiqətən də yersizdir.
İlqar Məmmədov və komandası demaqogiya ilə məşğul olmaq, hakimiyyəti şantaj etmək əvəzinə, onlara verilən 30 gün vaxtdan maksimum səmərəli istifadə edib üzvlərinin siyahısını qaydaya salmaqla, partiya sıralarına yeni üzvlər cəlb etməklə məşğul olarsa, o zaman REAL-ın təkrar qeydə alınması üçün daha faydalı iş görmüş olar. Siyahını və reyestr məlumatlarını qaydalara, standartlara uyğun hazırlayıb tərtib etmək və qeyd olunan müddət ərzində nazirliyə təqdim etmək əslində böyük peşəkarlıq tələb edir. Son 6 ay ərzində nazirliyin verdiyi möhlətdən peşəkarlıqla istifadə edə bilməyən, beş minlik üzv resursunu araya-ərsəyə gətirə bilməyən bir partiyanın sədrinin bu gün iddialı-iddialı, yekə-yekə danışmağı doğrudan da çox komik təəssürat bağışlayır.
Çox maraqlıdır, sən bir yandan "ana müxalifət” lideri olmağa iddialısan və qıcqırmış eqon da yerə-göyə sığmır, ancaq digər tərəfdən isə heç olmasa, beşcə min üzv də yığa bilmirsən ki, partiyan qeydə alınsın. Bu potensialla (daha doğrusu, bu cür potensialsızlıqla), belə bir cüzi elektoral baza ilə axı necə siyasi lider olmaq mümkündür? İnsan resursları bu qədər az bir müddətdə tükənmiş bir partiya hansı məntiqlə hakimiyyətə real alternativ, real rəqib ola bilər? Tükəndiyinizi səmimi şəkildə etiraf etmək əvəzinə, bu nəyin isterikasıdır, nəyin təlaşıdır, bəylər?
Bütün bu qabaqdangəlmişliklər, əsassız iddialar və ittihamlar azmış kimi REAL-ın “müdrik və uzaqgörən” sədrinin və partiyanın başqa bir funksionerinin REAL partiyasının qeydiyyatı ləğv olunarsa, Erkin Qədirlinin dərhal deputat mandatından imtina edə biləcəyi barədə fikirlər səsləndirməsi də çağdaş siyasət tariximizdə unikal hadisələrdən biridir. Daha doğrusu, bu, nadir şantaj üsullarından biridir. REAL-çılar dövlətin qanunlarına hörmətlə yanaşmaq və tələblərə uyğun olaraq müvafiq işləri görmək, üzvlərin məlumatlarını yenidən tərtib edib nazirliyə təqdim etmək əvəzinə, belə bir ucuz siyasi möhtəkirliyə əl atırlar. Bunun başqa bir adı isə siyasi reketçilik, siyasi spekulyantlıqdır.
Onların təşviş və narahatlıqları da elə bundan irəli gəlir. Çünki illərlə qurduqları “REAL” adlı mif artıq sabun köpüyü kimi uçub yox olmaq təhlükəsi ilə üzləşib. İlqar Məmmədov qorxur ki, REAL Partiyasının yalnız sözdə mövcud olduğu, əsl həqiqətdə isə bu partiyanın heç bir sosial dayağının, elektoral bazasının olmadığı üzə çıxacaq. Və beləliklə hamı biləcək ki, “REAL” sadəcə üfürülmüş şar imiş. Hamı görəcək ki, sən demə, İlqar Məmmədov illərdir cəmiyyətə “REAL” adlı nağıl danışırmış. Və nəhayət hamıya aydın olacaq ki, budur, “REAL” adlı siyasi şounun və yaxud, eksperimental “film”in sonu yaxınlaşır.
İlqar Məmmədovun bu günlərdə sosial şəbəkə üzərindən hər bir vətəndaşı vaxt itirmədən, elə indi REAL-ın saytında üzvlük qeydiyyatından keçməyə çağırması da bu əndişədən qaynaqlanır. Çünki İlqar REAL-ın sadəcə sabun köpüyü olduğu barədə həqiqətin üzə çıxmağını istəmir. Bir sözlə, çarəsizlik sindromu REAL sədrini hər bir vasitəyə əl atmağa təhrik edir. Bax, elə əsl makiavellizm də məhz belə məqamlarda üzə çıxır. Fransa prezidenti Emmanuel Makrona rəğbət bəsləyən REAL sədrindən hər cürə siyasi jonqlyorluqlar gözləmək mümkündür.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri