Məğlubiyyətini heç cürə həzm edə bilməyən Ermənistan Azərbaycana qarşı növbəti riyakarlıq nümunəsi nümayiş etdirib. Belə ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin qondarma “blokadası” və “ağır humanitar vəziyyət”lə bağlı növbəti iddiaları tamamilə əsassız və yalandır. Bu, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək cəhdlərindən başqa bir şey deyil.
Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz bədxah məqsədləri üçün sui-istifadə etməsini və müvafiq beynəlxalq təşkilatları, xüsusilə də BQXK-nı vasitəçiləşdirmək istiqamətində ardıcıl səylərini qətiyyətlə pisləyir. Ermənistanın iddialarının əksinə olaraq, Azərbaycanın Ermənistanla sərhəddə yaratdığı Laçın sərhəd-keçid məntəqəsi Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yönəlmiş hüquqi və qanuni aktıdır. Və bu, beynəlxalq hüquqa və müəyyən edilmiş beynəlxalq təcrübəyə tam uyğundur. Bununla belə Azərbaycan BQXK-ya öz humanitar fəaliyyəti üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti yaratmağa hazır olduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il iyulun 6-da Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Və bununla Ermənistanın Azərbaycanın sərhəd-keçid məntəqəsinin qanunsuzluğu ilə bağlı iddialarının əsassız olduğunu təsdiqləyib. Nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başlayandan Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında hər iki istiqamətdə mülki gediş-gəliş əhəmiyyətli dərəcədə artıb və Ermənistanın sərhədi pozmaq üçün açıq silahlı təxribata əl atdığı 15 iyun 2023-cü il tarixinədək Sərhəd nəzarət-buraxılış məntəqəsindən 2000-dən çox şəxs maneəsiz olaraq keçib. Azərbaycanın ardıcıl çağırışlarına baxmayaraq, Ermənistan belə insidentlərin təkrarlanmaması üçün təminat verməkdən imtina etməkdə davam edir və bununla da nəzarət-buraxılış məntəqəsinin işinin tam bərpasına maneçilik törədir.
Ermənistan unutmasın ki, regionda reallıqları Azərbaycan diktə edir və Azərbaycan istənilən halda maraqlarını təmin edəcək!
Jalə Əhmədova-Milli Məclisin deputatı