Rusiya Qərb-Ukrayna ikilisi qarşısında getdikcə məğlub duruma düşür. Moskva mənasız işğalçılıq planının iflasa uğradığının fərqində olduğu üçün Kiyevə danışıqlar təklifi verir. Qarşı tərəf isə artıq Rusiya ilə danışıqlar masası arxasında oturmaq niyyətində deyil.
Yaranmış situasiyanı dəyərləndirən ekspertlər hesab edirlər ki, Rusiyanın artıq heç bir seçim imkanı qalmadığı üçün Moskva Kiyevlə problemi danışıqlar masası ətrafında həll etməyi düşünür. Elə siyasi ekspert Çingiz Şahbazi də belə düşünür. Newscenter.az-ın xəbərinə görə, ekspertin qənaətincə, Rusiyanı elə bir vəziyyətə salıblar ki, onun seçim imkanları məhdudlaşdırılıb deməkdən başqa bir söz qalmır:
"Rusiya taxıl məsələsində Qərbin istəklərini həyata keçirməkdən başqa yol tapa bilmədi. Məhz enerji resursları ilə bağlı Rusiyanın başına gətirilənlər, indi də taxıl məsələsində təkrarlanır. Taxıl problemi Qərbin görünən tələbləri çərçivəsində öz həllini tapa bilməz".
Çingiz Şahbazi bildirib ki, Qərbin Rusiya ilə danışıqlara başlamaq və problemi həll etmək istəyi ciddi görünmür:
"Çünki, onların əsl istəkləri tamamilə fərqlidir. Rusların hazırda düşündükləri, onların Ukraynada düşdüyü bəladan qurtarmağın yolları üçün çox vacib hesab edilsə də, məhz bu məsələdə Qərbin ən üst dairələrində düşüncələr fərqli kimi nəzərə çarpır. Məhz Rusiyanın indiki addımı, Qərbin bəzi dairələrinin tam olaraq əlinə oynanılmış olur. Doğrudur, bu məcbur qalma əsasında olsa da, əslində dünyada süni qıtlıq planını həyata keçirmək üçün tam olaraq münbit şəraitin yaradılmasıdır, demək olar. Necə deyərlər hər kəsin öz hesabı var. Amma, dünyanın da öz növbəsində mütləq bir hesabı olmalıdır".
Anar Əliyev