Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bu barədə məlumatı Newscenter.az-a İctimai Birliyin sədri Süleyman İsmayılbəyli verib. Təşkilat sədri deyib ki, rəhbərlik etdiyi QHT təhsil sahəsində maarifləndirmə istiqamətində müxtəlif layihələr, tədbirlər keçirməyi qarşıya məqsəd qoyub:
“Gənclərin vətənpərvər ruhda tərbiyəsi hər zaman ölkəmiz üçün prioritet olduğu üçün İctimai Birlik olaraq əsas diqqəti bu istiqamətə yönəltməyi düşünürük. Bu məqsədlə paytaxt və regionlardakı təhsil müəssisələrində vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirməyi, Qarabağ müharibəsi zamanı şəhid və qazi olmuş Vətən oğullarımızın keçdiyi şərəfli döyüş yolunu onlara çatdırmağı düşünürük”.
Süleyman İsmayılbəyli deyib ki, İctimai Birlik olaraq həmçinin fəaliyyət istiqamətlərinə günümüzün əsas problemlərindən olan narkomaniyaya qarşı mübarizə çərçivəsində təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirmək də daxildir.
Anar Əliyev