Adətən alqı-satqı zamanı ilkin mərhələdə beh deyilən bir ödəmə həyata keçirilir. Bir çox hallarda bu ödəniş müqavilə əsasında həyata keçirilir və buna beh müqaviləsi deyilir.
Bəs görəsən beh müqaviləsinin pozulması hansı hallarda mümkün olur və bu qanunvericilikdə necə nəzərdə tutulur?
Newscenter-az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbsycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Vəkilin sözlərinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır:
"Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən yazılı formaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır".
Vəfa Qədirova bildirib ki, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır:
" Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin 2 mislini ödəməlidir".
İnqilab Süleymanov