Son illərdə müxtəlif nazirlik və komitələrdə İctimai Şuraların yaradılması ənənəvi hala çevrilib. Bu gün demək olar ki, hər bir dövlət qurumunda ictimai şura fəaliyyət göstərir. Bəs görəsən həmin ictimai şuraların fəaliyyəti qaneedicidirmi? Yaxud həmin qurumlara seçkilər nə dərəcədə obyektiv keçirilir. Son vaxtlar İctimai Şuralara seçkilərlə bağlı artan narazılıq onu deməyə əsas verir ki, sözügedən seçkilər zamanı obyektivlik, şəffaflıq deyil, qohumluq, dostluq münasibətləri əsas rol oynayır. Elə ictimai fəal Elyar İslamoğlu da belə düşünür.
Newscenter-az-ın xəbərinə görə. Elyar İslamoğlu deyib ki, İctimai Şuraların yaradılması ictimai idarəetmədə vətəndaşların iştirakını və ictimai nəzarətin gücləndirilməsini təmin etməliydi. Eyni zamanda İctimai Şuraların fəaliyyəti sosial media ilə inteqrasiya olunmuş formada reallaşmalıydı:.
"Eləcə də hər hansı bir problemlə bağlı qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması da əsas məqsəd olmalıydı. Amma bəzi İctimai Şura sədrləri və onların üzvləri nəzarət etməli olduqları nazirliklərə övladlarını, ailə üzvlərini işə düzəldir, bununla da həmin qurumdakı qüsurlar, özbaşınalıqlar, haqsızlıqlar ictimailəşdirilmir, nəzarət edilmir"
Elyar İslamoğlu bildirib ki, övladı və ailə üzvləri həmin nazirlikdə, qurumda işləyən şəxslərin İctimai Şurada təmsil edilməsinə yol verilməməlidir:
"Bugünədək Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuranın fəaliyyətini görmüşəm. Digərləri iki ildən artıqdır fəaliyyət göstərirlər, cəmiyyətə hesabat versinlər, nə iş görüblər?".
Anar Əliyev