"Fransa əvvəlcədən Azərbaycana qarşı qərəzli mövqe tutub. Azərbaycan iqtidarı uzun müddət bu siyasətin qarşısını almaq üçün xeyli səy göstərdi, lobbi və diaspora xidmətlərini canlandırmağa çalışdı. Üstəlik, bu istiqamətdə xeyli vəsait xərclədi. Biz Azərbaycan iqtidarının dəstəyi ilə Fransada muzeylərin, kilsələrin, məktəblərin təmiri, parkların açılması kimi məlumatlara mediada rast gəlmişik. Bundan başqa Fransa elitası üçün ziyafətlərin təşkili ilə bağlı və Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdim edilməsi faktlarını da cəmiyyətimiz bilir. Bütün bunlara baxmayaraq, Fransanın siyasətinə təsir etmək mümkün olmadı".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. O bildirib ki, hətta 44 günlük müharibə zamanı Fransa Senatındakı səsvermədə Azərbaycanın ərazi bütövlüyünün lehinə sadəcə 1 senator səs vermişdi və 305 senatorun səsiylə Azərbaycanın ərazi bütövlüyünün əleyhinə qətnamə qəbul edilmişdi:
"Bu bir nəfərin də sonrakı təzyiqlər fonunda mövqeyinin dəyişdiyi görsənirdi. Bütün bunlar onu göstərir ki, Fransa ilə münasibətlərlə bağlı qəbul edilən qərar strateji olaraq doğru olmayıb. Ermənilər Fransanın ali hakimiyyət sistemində təsir qüvvəsinə malik olmaqla, mediada da aparıcı mövqeyə malikdirlər. Lakin azərbaycanlılar hər iki müstəvidə uduzurlar".
Politoloq hesab edir ki, bizim ermənilərin qabağına çıxartdığımız şəxslər çox zəifdirlər və Fransa cəmiyyətinə təsir edə bilmirlər:
"Artıq görünən budur ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması və ədalətli mövqeyin gözlənilməsi ilə bağlı Azərbaycan hakimiyyəti əlindən nə gəlirdisə edib. Lakin heç bir müsbət nəticə əldə olunmayıb. Ona görə də son vaxtlar Fransa iqtidarına adekvat cavab verilməyə başlanılıb. Bu təqdirəlayiq haldır. Azərbaycanın Fransadan hər hansı asılılığı yoxdur. İqtisadi sahədə də əməkdaşlığın kəsilməsi ölkəmizə təsir göstərməyəcək. Ancaq indi Fransanın ikili siyasətinin ifşası onlara daha çox mənfi təsir edəcək".
Mütəllim Rəhimli deyib ki, iki ölkə arasında münasibətlərin getdikcə kəskinləşməsi və diplomatik böhrana gətirib çıxarması bizim üçün yeni bir situasiya yaratmayacaq. Onsuz da Fransa daimi olaraq Azərbaycanın əleyhinə işləyirdi. İndi diplomatik əlaqələrin də kəsilməsi baş verəcəksə, bundan ölkəmiz qazana bilər. Çünki əvvəl Fransanın anti Azərbaycan mövqeyini izah etmək bizim üçün çox çətin idi. Diplomatik münasibətlərin olmadığı təqdirdə və yaxud indiki casus şəbəkəsinin ifşası dövründə dünya ictimaiyyətinə bunu anlatmaq daha asandır. Biz bu prosesdə yalnız bir məqamı unutmamalıyıq. Bu da ondan ibarətdir ki, Fransaya imkan vermək olmaz ki, özünün qeyri-obyektiv mövqeynə tərəfdaşlar toplasın və onları da ölkəmizə qarşı səfərbər etsin".
Süleyman