Yaman fürsətçilik. Həm də küyə düşərək qonşudan qalma dala prinsipi ilə yaşayanlardan. Fürsət axtarırıq qazanc əldı etmək üçün. Başımız çıxdı, çıxmadı, anlayışımız oldu olmadı, fərq etmir. Həmən gündəmdə olan sahəyə hansısa formada pərçim olmağa, oradan qazanc götürməyə çalışırıq. Zaman-zaman bu kimi mənfi tendensiyaların şahidi olmuşuq. Müəyyən zaman kəsimində Qarabağ məsələsindən, digər bir vaxt ayarında qaçqın və məcburi köçkünlərdən, 44 günlük Vətən müharibəsindən sonra şəhidlərdən, eyni zamanda Şuşadan və s.dən daha asan yolla qazanc əldə etməyi düşünüb bu istiqamətlərə baş vurmuşuq. Necə ki, indi də Qərbi Azərbaycan məsələsi “hədəfdədir”.
Problem ondan ibarətdir ki, xəritədə belə Qərbi Azərbaycanın harada yerləşdiyini bilməyən, qədim yurd yerimizin tarixi, keçmişi, adət-ənənələri, mətbəxi və s. barədə bilgisi olmayanlar Qərbi Azərbaycan barədə müxtəlif layihələr həyata keçirməyə, tədbirlər düzənləməyə girişiblər. Çünki bu gün Qərbi Azərbaycan məsələsi dövlətin qarşısında duran əsas prioritetlərdəndir və bu sahə ilə bağlı müxtəlif tipli layihələrin həyata keçirilməsi üçün lazım olan vəsait ayrılır. Ancaq burada “məscidin qapısı açıqdır, itin həyasına nə gəlib” kəlamını da unutmaq lazım deyil. Dövlət bu sahəni prioritet hesab edib deyə dəxli olub-olmayanlar 3 cümləlik bir biznes plan, yaxud tədbirlər planı tərtib edib həmin vəsaitə qənim kəsilməli deyillər ki?. Qərbi Azərbaycan adından manipulyasiya edib dövlətin malını göyə sovurmalı deyillər axı.
Bu günlərdə Dövlət Turizm Agentliyinin elan etdiyi tender ətrafında yaranan qalmaqal da onu deməyə əsas verir ki, bir çox dövlət və özəl qurumlar üçün Qərbi Azərbaycan məsələsi alver predmetinə çevrilib. Götürək elə Dövlət Turizm Agentliyinin sözügedən tenderini. Tenderin nəticələrinin elan edilməsindən sonra tender müqaviləsinin ictimailəşdirilməsi, orada əksini tapan bir çox rəqəmlərin cəmiyyətdə ciddi etirazla qarşılanması tender təqəmlərinin bir neçə dəfə göyqurşağıfason dəyişilməsi ilə nəticələndi. Məsələnin mahiyyətinin dərinliyinə varmadan fikrimizi birbaşa tenderdə əksini tapan araq məsələsinə yönəldək. Mənim tenderdə əksini tapan və göyqurşağı kimi tez-tez dəyişən rəqəmlərlə işim yoxdur. Sadəcə bir məsələ maraqlıdır. Tenderə araq daxil etmək o qədərmi vacib idi? Yaxud araqsız Qərbi Azərbaycan mədəniyyətini, mətbəxini təbliğ etmək olmazdımı? Mütləq Qərbi azərbaycanlıları alkoqol düşkünü kimi tanıtmaq lazım idimi? Ona görə də hesab edirəm ki, dövlət və qeyri-dövlət təkilatlarına Qərbi Azərbaycanla bağlı hansısa tədbir keçirmək məhdudiyyəti tətbiq edilməlidir. Kimsə öz maddi marağını düşünərək Qərbi Azərbaycan məsələsini cılızlaşdırmamamlıdır. Hər şeydən öncə onu nəzərə almaq lazımdır ki, hazırda Qərbi Azərbaycan məsələsi ən həssas məsələdir və bu prizmadan xırdaca belə yol verdiyimiz xəta ümumi işimizin ziyanına işləyəcək.
Anar Əliyev