Təhsil nazirimiz Emin Əmirullayevin açıqlamasını oxudum. Buyurur: " Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür"?
O gündən bəri çox düşündüm, amma bir şey hasil edə bilmədim. Cənab nazirin sualı ritorikdir, yoxsa bizim bilmədiyimiz nəyəsə işarədir?. Amma yox fəhmim məni aldatmaz, cənab nazirin bildiyi bir şey var. Əgər bu sualı köhnə öyrəncilərdən soruşsaydınız, müzakirə aparmadan yerindəcə cavab alardınız. Orta məktəbi bitirib ali məktəbə qəbul olmaq, gələcəkdə hansısa bir sahənin mütəxəssisi olmaq hər bir on və ön birinci sinif şagirdinin arzusu, məqsədi və hədəfi idi. Son dövrlər nələr baş vermişdir ki, cənab nazir mühum açıqlamasını yuxaridakı sual ilə bitirib. "...On və on birincilər nə üçündür? "
Bu arada şeytan məni qıdıqlayıb deyir ki, əslində nazirimizin köhnə sələflərindən qalma bir dərdi var, verilən sual elə həmin azzara işarədir. Yəni nazirliyin tabeliyində olan orta məktəblərin heç biri (bəlkə var biz tanımırıq) öyrəncilərin istədiyini qarşılamır. On və on birincilər ali məktəbə qəbul olmaq, tələbə adına layiq olmaq üçün digər ünvanlara, özəl kurslar, yaxud repetitor hazırlığına üz tutmalı olurlar. Sadaladığımız hal verilən sualın bir cavabı ola bilər, amma tam cavab deyil.
Sosial şəbəkədə aidiyyatı mövzu haqqında sorğu verirsən və rəngarəng cavablar ortaya çıxır. Sən demə 10 və 11-ci sinifə gəlməli olan məktəblilərin ayaqları başqa səmtə dönməklə dövlətin statistik rəqəmlərində bir balaca dəyişiklik ediblər. Məktəbin yolunu azanları sonda ər evində tapıblar. Həqiqət payı ondan ibarətdir ki, təhsil verən nazirimizin xəbəri olmadan təhsil alan şagirdləri erkən nigaha salıb, sonra da statistikasını paylaşıblar.
Erkən nigaha daxil olanların statistik göstəricilərinin bir neçəsin diqqətinizə çatdıraq. Şəmkir 18, Ağcabədi 17, Sabirabad 15, Yevlax 14,....nöqtəlırin yerinə digər rayonlarımızın və Bakımızın adını yaz və oxşar rəqəmlərlə işarələ.
Deməli elm nazirimizin sualı səsləndirmək də istəyi budur. Necə edək ki, məktəblilər elm, təhsil ocağını ər ocağına dəyişməsin. İnanıram nazirlik bu barədə lazımi tədbirləri görəcək. Bəs biz hansı təklif və yardımlaşmada buluna bilərik?. Səlahiyyət sahiblərinin diqqətinə ərz edib bildirirəm. Bizim təlim-tərbiyə ocaqlarında elə öyrətmənlər var ki, onların "əzmkarlığı" sayəsində öyrəncilər həmin müəllim(ə)ın tədris etdiyi kitabı vərəqləmir. Nyutonun başına düşən almaya "Azərbaycan təranələri" İlə qol açan öyrənciləri çox da qınamayın. Təhsilin başına daş salan cavabdeh öyrətmənləri silkələmək lazımdır. Tədris etdiyi fənnə qarşı məktəblidə ikrah hissi yaradan müəllim(ə) "Ailə və cəmiyyət" dən dərs saatı vermək lazımdır ki, tədris etsin. Bundan sonra cənab nazir adı kimi əmin olsun həmin məktəblilər 30 yaşında belə nigah haqqında düşünməyəcək.
Qürbətdə urus qonşularımla söhbətləşirdik. Əvvəlcədən qeyd edim ki, mən onlar üçün maraqsız adamam. Səbəbini belə deyirlər, sən nə çəkirsən, nə də içirsən. Onlar övladlarının diplomlarını və qiymət cədvəlini göstərib müəllimlərin əvəzsiz əziyyətindən danışırdılar. Mən söhbətə müdaxilə edib dedim, biz də 10-11-ci sinifdə məktəbə görüm-baxım edirik ki, uşaq məktəbə gəlməyəcək. Həm də repetitorlara pul xərcləyəcəyik ki, uşağa dərs öyrətsin. Bir neçə dəfə izahını soruşdular, amma mənim bu sözümü başa düşmədilər. Axırda qonşum Vasya barmaqlarını çırtma formasında boğazına dirəyib "Bu gün vurmamısan" deyib güldü. O gündən başa düşdüm ki, təhsilimiz haqqında danışmayım. Bu mövzuda danışanda məni "sərxoş "bilirlər.
Hüseyn
Xüsusi olaraq Newscenter.az üçün