Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tayvanda keçirilən seçkilər beynəlxalq hüquq normalarına ziddir

Tayvanda keçirilən seçkilər beynəlxalq hüquq normalarına ziddir


Tayvanda keçirilən prezident və parlament seçkilərinə hər bir ölkə ilk növbədə öz milli maraq və mənafelərindən çıxış edərək reaksiya verdi, münasibət bildirdi. Rəsmi Bakının da Tayvandakı seçkilərə reaksiyası milli və strateji maraqlarımıza cavab verir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tamamilə haqlı olaraq Tayvanda keçirilən seçkilərin nəticələrini pislədi, ölkəmizin "vahid Çin” siyasətini dəstəklədiyini və Çinin daxili işlərinə qarışmanın yolverilməz olduğunu bəyan etdi. XİN-in bu cür operativ və peşəkar reaksiyasını alqışlayırıq.

Çin və ABŞ arasında qlobal Qərb-Şərq qarşıdurmasının get-gedə gücləndiyi və dünyada hərbi-siyasi qütbləşmənin yenidən aktuallaşdığı hazırkı məqamda rəsmi Bakının ABŞ-ın “proje”si və “forpost”u sayılan Tayvanı yox, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Çin Xalq Respublikasının mövqeyini müdafiə etməsi optimal və düzgün addımdır. Bu baxımdan rəsmi Pekinin Azərbaycan XİN-in Tayvan məsələsinin Çinin daxili işi olduğunu vurğulamasını təqdirəlayiq addım kimi qiymətləndirəcəyinə şübhə etmirik.

Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını süni vasitələrlə əngəlləyən və Fransanın ermənipərəst addımlarına dəstək verən ABŞ-ın və Avropa İttifaqının alqışladığı seçkiləri yalnız Ermənistan kimi beynəlxalq hüququ pozan ölkələr xüsusi canfəşanlıqla dəstəkləyə bilər. Hər bir ölkə öz tarixi ənənələrinə uyğun mövqe sərgiləyir. Ermənistanın son 30 illik tarixi də separatizm və təcavüzkarlıq səhifələri ilə doludur.

Biz Tayvanda keçirilən seçkiləri beynəlxalq hüquq normalarına zidd hesab edirik. Ordumuzun lokal antiterror əməliyyatından sonra gorbagor olmuş separatçı “dqr” xuntası da vaxtilə Qarabağda qondarma “parlament” və “prezident” seçkiləri keçirirdi. ABŞ və Fransa kimi ölkələr isə erməni separatçılarının beynəlxalq hüquqa qarşı bu hörmətsizliyinə göz yumurdu. İndi Tayvanda keçirilən seçkilər də separatçılığın təzahürüdür və ABŞ, Fransa kimi ölkələr həmişəki kimi yenə də separatçıların yanındadır.

Fransanın Tayvandakı seçkiləri həm alqışlaması, həm də “vahid Çin” prinsipinə sadiqliyini bəyan etməsi isə əsl riyakarlıq nümunəsidir. Makron Fransası da ermənilər kimi eyni vaxtda “iki stul”da əyləşməyə çalışır. Bu da Paris və İrəvanın xarici siyasət müstəvisindəki fəaliyyətlərini sinxronlaşdırmasının göstəricisidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş