Şəhidlər baş tacımızdır. Bu gün ərazi bütövlüyümüzün tam mənada təmin olunması, respublikanın bütün hüdudlarında bayrağımızın dalğalanması məhz şəhidlərimizin qanı və canı bahasına mümkün olub. Ona görə də şəhidlərə olan borcumuz qiymətsiz, ölçüyəgəlməzdir. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də hər zaman öz çıxışlarında, şəhid və qazi ailələri ilə keçirdiyi görüşlərdə açıq şəkildə ifadə edir, hər kəsin şəhid adını yüksək tutmasını, onların yadigarlarına hörmət və ehtiramla yanaşmasını zəruri sayır. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox hallarda şəhid adına, şəhid ruhlarına lazımı səviyyədə hörmət və ehtiram göstərilmir, ən xırda problemlər isə həll edilməmiş qalır.
Təəssüfedici məqam ondan ibarətdir ki, əyalətlərdə bu mənfi tendensiya özünü daha çox büruzə verir. Bəzən şəhid ailəsinin yerli icra orqanlarından, aidiyyati qurumlardan umduğu, gözlədiyi ən xırda problemi belə əyalət məmurları icra etməkdə xəsislik göstərir, yaxud saymamazlıq nümayiş etdirirlər. Necə ki, Yevlax rayonunun inzibati ərazi vahidi sayılan Xaldanın Aşağı Salamabad kəndində olduğu kimi. Məlumat üçün qeyd edək ki, İkinci Qarabağ müharibəsində iştirak etmək üçün onlarla gənc sözügedən kənddən cəbhəyə yollanıb, müxtəlif istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstəriblər. Onlardan 3 nəfəri isə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəliblər.
Düzdür, kənddə hər üç şəhidin yaşadığı evin önündə onların xatirəsi əbədiləşdirilib şəhidlərin fotosu əks olunan lövhə vurulsa da, lakin sözügedən kəndin yolunun abadlaşdırılması nədənsə yerli icra qurumlarının diqqətindən kənarda qalıb. Yalnız hər üç şəhidin yaşadığı evin yaxın 50-100 metrinə bir neçə maşın daş (şebel) tökməklə müvafiq qurumlar işlərini bitmiş hesab ediblər. Yuxarıda da qeyd etdiyimiz kimi Aşağı Salamabad kəndindən Birinci Qarabağ müharibəsində də çoxlu sayda gənclər iştirak edib və onlardan neçə-neçə kənd sakini torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar. Hətta Aşağı Salamabad kən məktəbi də Birinci Qarabağ müharibəsi şəhidi Fəqani Əhmədovun adını daşıyır. Ancaq uzun illərdir ki, bu kənd diqqətdən kənarda qalıb. Kənd yolunun asfaltlanmaması şəhid ailələrinin gileyinə səbəb olur. Təkcə şəhid ailələri deyil, eləcə də Aşağı Salamabad kəndinin digər sakinləri də cəmi 2,5-3 kilometr yolu olan kəndin asfaltlanmamasını həm də şəhid ruhlarına, onların yaxınlarına sayğısızlıq kimi dəyərləndirirlər.
Düzdür, respublikada şəhər və kənd, eləcə də qəsəbələrdə yol infrastrukturunun yenidən qurulması, yolların asfaltlanması Avromobil Yolları Dövlət Agentliyinin funksiyası olsa da, lakin yerli icra hakimiyyətinin də daxili imkanlar hesabına cəmi 3 kilometrlik kənd yolunu asfaltlamağa gücü çatar. Ancaq görünür nə şəhid ruhuna ehtiram, nə də yerli sakinlərin rahatlığının təminatı yerli məmurlar üçün önəmli deyil. Əks halda Yevlax şəhərində digər bir şəhidin adını daşıyan küçə müstəqillik illərindən üzü bu yana baxımsız qalmazdı.
Məlumat üçün qeyd edək ki, Yevlaxın ən uzun küçələrindən biri sayılan Elçin Ağayev Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhidin adını daşıyır. Uzun illər baxımsız vəziyyətdə olan küçənin bir hissəsi, daha doğrusu şəhidin yaşadığı evin yerləşdiyi ərazi əvvəlki icra başçılarının zamanında asfaltlanıb. Küçənin qalan hissəsi isə bu günə qədər baxımsız, bərbad durumdadır. Yay aylarında tozdan, qışda isə palçıqdan keçilməz olan Elçin Ağayev küçəsi heç də şəhid adına yaraşan durumda deyil. Halbuki Elçin Ağayev küçəsinin asfaltlanması o qədər də böyük məbləğ tələb etmir. Küçənin asfaltlanmamış hissəsi heç 1 kilometr də deyil və İcra Hakimiyyətinin bu işi icra etməyə kifayət qədər vəsaiti çatır. Digər tərəfdən bu küçə rayondaxili ərazidir və həmin küçənin asfaltlanması üçün Avtomobil Yolları Dövlət Agentliyinin köməyinə ehtiyac yoxdur. Yetər ki, Yevlax Şəhər İcra Hakimiyyətində şəhid ruhlarına yüksək ehtiram və diqqət olsun.
Anar Əliyev