"Son zamanlar təhsil müəssisələrində şagirdlər arasında kriminal aləmə meyillilik halları xeyli artmasıyla bağlı məlumatlar, videolar yayılır. Şagirdlər təhsil almaq əvəzinə cinayət aləminə yönəlir, elm öyrənmək yerinə bu aləmin. “qayda-qanunlarına” meyil göstərirlər. Sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, cinayət tərkibli hadisələr törədirlər. Şagirdlərin bir-birini bıçaqlaması, onlar arasında baş verən kütləvi davalar, ciddi xəsarət yetirmə hallarının artması cəmiyyət tərəfindən də böyük narahatçılıq və narazılıqla qarşılanır".
Newscenter.az xəbər verir ki. bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, təhsilalanların təhsilə yox, cinayət aləminə meyl etməsinin səbəbini mən valideynlərin, xüsusən də ataların çox böyük təsiri olduğunu hesab edir:
"Valideynlərin əksəriyyəti uşaqlarına sinfin lideri, ağası, böyüyü olmağı öyrədir. “Döyülmə döy”, “Sən əyilmə, qoy sənin qarşında əyilsinlər” və.s. Bu da həmin uşaqlarda ağalıq, başçılıq etmək, sinifdə öz sözünü keçirmək kimi fikirlərin baş qaldırmasına səbəb olur. Çünki artıq həmin tərbiyə ilə böyüyən uşaqlar sinifdə özlərini ağa, böyük kimi aparmaq istəyirlər. Hərəkətləri ilə sanki özlərini avtoritet hesab edirlər. Özlərindən “qaydalar” kəşf edir və onu sinifdə, şagird yoldaşlarına qarşı tətbiq edirlər. Onlara etiraz edən şagirdləri isə cəzalandırırlar. Son vaxtlar məktəblərdə, şagirdlər arasında baş verən xoşagəlməzliklərin də səbəbkarı məhz belə şagirdlərdir. Bunun qarşısını indidən almaq lazımdır".
Əli İbrahimov deyib ki, bu gün bu yaşında sinif yoldaşını döyən, cəzalandıran, bıçaqlayan uşaq gələcəkdə daha ağır cinayətlər törədə bilər:
"Tərbiyənin yalnız müəyyən bir qismi təhsil müəssisələrinin payına düşür, demək olar ki, 80 faizi sağlam ailə modelindən asılıdır. Vəziyyətin ciddiliyini nəzərə alıb gec olmadan onun qarşısını almaq üçün maarifləndirmə işlərini artırmaq lazımdır. Bundan başqa yeniyetmələrin asudə vaxtının təşkilini düzgün qurmaq lazımdır. Onların meyl və maraqlarını faydalı vərdişlərə istiqamətləndirmək lazımdır. Fikrimcə, sosial şəbəkələrdə kriminal aləmlə bağlı videoların yayılmasının qarşısını almaq lazımdır. Başa düşürəm bu çətin prosesdir. Amma dünya təcrübəsində müəyyən qadağaların tətbiqinə rast gəlmək mümükündür. Bunun qarşısı vaxtında alınmalıdır. Əks təqdirdə proses dərinləşəcək və qarşısı alınmaz vəziyyət yaranacaq".
Süleyman