Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələr genişlənməkdədir.
2024/2025-ci tədris ili üçün tələbə qəbulunun başlanması ilə əlaqədar Azərbaycanın nüfuzlu ADA Universiteti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd və Səmərqənd şəhərlərindəki ümumtəhsil məktəblərinin sonuncu sinif şagirdləri və Universitet tələbələri ilə görüş keçirərək beynəlxalq təhsil proqramını təqdimatını həyata keçiriblər.
Newscenter.az xəbər verir ki, ADA Universitetinin nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları ilə birlikdə Daşkənd şəhərindəki 154 nömrəli, 5 nömrəli, 51 nömrəli, 17 nömrəli, 263 nömrəli, Əl Xorezmi adına ixtisaslaşdırılmış məktəb, Genesis Education məktəbi, eləcə də bir sıra Özbəkistan universitetləri – Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Səmərqənd Dövlət Tibb, Heyvandarlıq və Biotexnologiya Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Akademik Liseyi kimi bir sıra dövlət və özəl məktəblərdə olaraq beynəlxalq təhsil proqramını şagird və tələbələrə təqdim edib.
Qeyd edək ki, ingilis və rus dillərində keçirilən təqdimatlarda, ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin nümayəndəsi Sona Məmmədova və Biznes fakültəsinin baş müəllimi Mukhammadfoik Bakhadirov İctimai və Beynəlxalq Münasibətlər, Hüquqşünaslıq, Biznes, Təhsil, Dizayn və Memarlıq, Kənd təsərrüfatı və Qida elmləri fakültələrinin bakalavriat və magistratura səviyyələri üzrə ixtisaslar ilə tələbələri tanış ediblər.
Həmçinin şagirdlərə təkcə təhsil prosesi deyil, digər ölkələrdən olan tələbələrin həyat şəraiti, parklar və istirahət yerləri, asudə vaxtın təşkili, universitetdəki dostluq ab-havası və s. əks etdirən videolar təqdim olunub.
Görüş böyük marağa səbəb olmuş, Özbək gəncləri onları maraqlandıran məsələlərə dair suallar vermiş, təhsil prosesinə dair fikir mübadiləsi və müzakirələrlə keçmişdir.
Süleyman