Nəhayət ki, Brüsseldə keçirilməsi nəzərdə tutulan Amerika-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı baş tutdu. Görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin erməni baş nazirlə birgə keçirdikləri mətbuat konfransında bildirildi ki, görüşün nəticəsi olaraq İrəvana maliyyə və informasiya dəstəyinin verilməsi qərara alınıb.
Newscenter.az-ın xəbərinə görə, sözügedən görüş barədə fikirlərini ifadə edən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Brüssel görüşü Cənubi Qafqaza sabitlik gətirməyəcək, əksinə regionda gərginliyi, Ermənistanın aqressiyasını və təcavüzkarlıq niyyətini daha da artıracaq:
"Brüsseldə sözügedən görüşün keçirildiyi bir ərəfədə Ermənistan tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması öz-özlüyündə deyilənlərin sübutu, Ermənistanın növbəti təxribatlarının göstəricisidir. Əslində Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistana maliyyə dəstəyi verməklə Cənubi Qafqazda sabitliyin pozulması və yeni bir gərginliyin yaranmasına dəstək oldular".
İctimai Birlik sədri deyib ki, bundan sonra regionda baş verəcək gərginliyin birbaşa məsuliyyəti məhz Vaşinqton və Brüsselin üzərinə düşəcək.
Süleyman