Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Azərbaycanla bağlı müharibə planı: Tehran Bakını tərəfə və hədəfə çevirir

İranın Azərbaycanla bağlı müharibə planı: Tehran Bakını tərəfə və hədəfə çevirir


İran-İsrail müharibəsini dünya mediası təngnəfəsliklə gözləyir desək, yanılmarıq. Həm də söhbət sadəcə birbaşa hücumdan və müdafiədən getmir, bu hücumlar, hər bir zorakılıq hadisəsi ilə eskalasiya oluna bilər. İstənilən səhv hesablama isə gərginlik nərdivanının bir pilləsinə qədər yavaş-yavaş qalxmağı göstərən müntəzəm nümunələrlə də müşayiət oluna bilər. Lakin reallıq ondan ibarətdir ki, raketlər və pilotsuz təyyarələr dövriyyəyə buraxılsa da hər bir tərəfin çox diqqətli davrandığını da sezməmək mümkün deyil. Hədəf nöqtələrinin məsafələrini tədricən artırmaq və ümumiyyətlə hədəfləri diqqətlə seçmək üçün müəyyən dərəcədə qayğı göstərilir, ehtiyat edilir.

İran generallarından birinin İsrailin Dəməşqdəki İran səfirliyi kompleksinə hücumu nəticəsində öldürüldüyünə gəldikdə isə etiraf etmək lazımdır ki, bu, diplomatik missiyaya misli görünməmiş hərbi zərbədir. Bütün bu reallıqlar fonunda İranın İsrailə hücumu təhlükəli, lakin ən az o qədər və daha çox təxribatçı idi. Nəticə bəllidir – uğursuz. Belə ki, atılan yüzlərlə mərmidən heç biri əsas hədəfi vura bilmədi. Məqsəd isə tamamilə fərqlidir. İranın əsl niyyəti, birbaşa hücumunun arxasında dayanan amil imicini və nüfuzunu xilas edən “məşq” idi. Bu “məşq” Tehran üçün dramatik və çox təhlükəli gediş oldu. Eskalasiya üçün həqiqi cəhd isə adətən fərqli addımlarla müşayiət olunur. Biz bunlardan heç birinin şahidi deyilik. Zənnimcə, İran tam miqyaslı regional müharibədə maraqlı olması haqqında sadəcə fon yaradır.

O baxımdan ki, ABŞ Nümayəndələr Palatası Ukrayna və İsrailə yardıma səs verməyə bir addım da yaxınlaşır. ABŞ Nümayəndələr Palatasının Respublikaçı lideri Ukraynaya uzun müddətdir təxirə salınmış 61 milyard dolların, həmçinin İsrail və Tayvana milyardlarla yardım daxil olmaqla yeni kütləvi hərbi yardıma dair həftəsonu səsvermə keçirəcəyini açıqladı. Hətta Co Bayden “Mən dünyaya mesaj göndərmək üçün dərhal qanunu imzalayacağam” deyərək, “biz dostlarımızın yanındayıq və İranın və ya Rusiyanın uğur qazanmasına imkan verməyəcəyik” ismarışı yolladı.
Belə olan halda regional əməkdaşlığın önəmi daha da aktuallaşır. Bu məqamda isə gələk məsələnin bizi maraqlandıran tərəflərinə. Hadisələrin gedişində İranın millət vəkilləri və əsasən də İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin “Qarabağdakı ermənilər İsrail silahları ilə öldürülüb” kimi açıqlamalarında Azərbaycanı hədəf almaları ondan xəbər verir ki, Azərbaycanı da tərəf etməyə cəhd göstərirlər. Bu cür cəhdlərin mümkünsüzlüyünü Azərbaycan sülhməramlıların çıxarılması ilə əyani formada nümayiş etdirmiş oldu. Cənab Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, Azərbaycan silahları sadəcə Türkiyə, İsrail deyil, Rusiyadan da alır. Yəni bir sözlə, bu istiqamətdə də tərəf olmamaq üçün dövlət başçımız zamanında silah alınması üzrə müqavilələrdə də addımlarını düşünülmüş formada atıb.

Təhlükəli məqamlardan biri də odur ki, proseslər Qərb-Rusiya qarşıdurmasından çıxaraq, Qərb-Şərq qarşıdurması üzərinə köçürülür, dünyanın ilkin yaradılış konsepsiyalarına “müraciət edilir”.

Bunu da Baydenin “Wall Street Journal” qəzetində yazdığı məqalədən anlamaq olur. Baydenin həmin məqaləsində deyilir: “Cənab Putin Ukrayna xalqını özünə tabe etdirmək və onların millətini yeni Rusiya imperiyasına cəlb etmək istəyir. İran hökuməti isə İsraili əbədi olaraq məhv etmək, dünyanın yeganə yəhudi dövlətini xəritədən silmək istəyir”.

Şəbnəm Həsənova
Xəbəri paylaş