Azərbaycanın dövlət müstəqilliyi 1920-ci ildə ilhaq olunmuşdu. Xalq bu ilhaqı sonlandırmaq, dövlət müstəqilliyini yenidən tarixə qaytarmaq üçün mübarizə aparırdı. Bu mübarizə getdikcə təşkilatlanırdı. İmperiyanın sərt təhdidlərinə baxmayaraq mübarizlərin apardığı mübarizə getdikcə genişlənirdi. Ermənistanın Azərbaycandan ərazi iddiası bu mübarizəni daha da kükrətmişdi. Bu mübarəzənin hərəkətverici qüvvəsi xalq olmuşdu. Xalq həm Ermənistanın ərazi iddiasından əl çəkməsini, həm də Azərbaycanın işğala meyilli respublikaya havadarlıq edən imperiyadan ayrılmasını tələb edirdi. Mitinqlərdə milyonlar iştirak edirdi. Dünya miqyasında bu səviyyədə milli-azadlıq mübarizəsi olmamışdı. İmperiya bu mübarizəni dayandırmaq üçün 1990-cı ilin 20 yanvarında Bakıda qırğın törətsə də istəyinə nail ola bilmədi. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu.
Azərbaycan digər təsisatlarla yanaşı ordusunu da yaratmağa başladı.
Azərbaycan ordusunun yarandığı vaxtlarda Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdl. Ordu döyüşə-döyüşə yaranırdı. Həmin vaxtlarda Azərbaycanda siyasi vəziyyət də gərgin idi. Dövlətin idarə edilməsində ciddi problemlər yaranmışdı, ordu da şəxsi ambisiyalara cəlb olunmuşdu. Bunların nəticəsi kimi respublikada vətəndaş qarşıdurması yaranmışdı. Onda xalq ciddi tələblə böyük tarixi şəxiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi...
Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə siyasi gərginlik aradan qaldırıldı, dövlətçiliyin itirilməsi təhlükəsi dəf edildi. Ərazi özünümüdafiə taborlarının buraxılması, vahid komandanlığın yaradılması ilə ordu nizami ordu kimi formalaşmağa başladı. Bu dövr həm də ordu quruculuğunda Heydər Əliyev dövrü kimi tarixləşdi.
Ümummilli lider Heydər Əliyev 1996-cı il fevralın 2-də demişdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Dahi tarixi şəxsiyyət hələ sovetlər dönəmində Azərbaycanda digər sahələrlə bir sırada hərbçi kadrların hazırlanması istiqamətində də mühüm işlər görmüşdü. Moskvanın ciddi etirazlarına baxmayaraq 1971-ci ildə Bakıda ibtidai hərbi məktəbin yaradılmasına nail olmuşdu. Bu məktəbdə təhsil alanlar sonralar Azərbaycanda ordu quruculuğunda böyük xidmətlər göstərmişdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan ordusunda xidmət etməklə ordunun nizami ordu kimi formalaşmasının fəal iştitakçısı olmuşdu. Məktəbin onlarla məzunu Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətini Hərbi Lisey kimi davam etdirir. Bu lisey indi ordu quruculuğunun əsas bazalarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması prosesi genişləndi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı. Bu müqavilə Azərbaycanda ordu quruculuğunun yeni mərhələsini müəyyənləşdirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan olundu. Bu, tarixə ordu günü kimi daxil oldu və böyük təntənə ilə qeyd olunur.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq”.
2015-ci ilin Aprelində Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alan Azərbaycan ordusunun hissələri aprelin 1-dən 5-nə kimi 2000 hektardan çox ərazini işğaldan azad etdi. Aprel döyüşləri kimi tarixləşən bu döyüşlər ordunun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu döyüşlərdə qazanılan qələbəni yüksək dəyərləndirərək demişdi ki, Aprel qələbəsi dərsliklərə salınmalıdır.
Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt uğurlu əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye ordunu müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlarla təmin edir. Azərbaycanın zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar da silahlanmaya yönəldilir, bunlar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrln 27-də yenə ərazilərimizə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını aldı. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Sentyabrın 30-da Mərkəzi Hərbi Kliniki Hospitalda müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə əks-hücum əmrinin döyüşlərini "Vətən uğrunda gedən döyüşlər" kimi səciyyələndirdi, oktyabr ayının 26-da xalqa müraciətində bu müharibəni "Vətən müharibəsi" adlandırdı – İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı. Bu tanınma ordu quruculuğunun yeni mərhələsini müəyyənləşdirdi. Vətən müharibəsi ordunun döyüşə-döyüşə yeni inkişaf mərhələsi oldu...
Azərbaycan ordusu qısa müddəətdə düşmənin müdafiə sədlərini dağıtdı, döyüşə-döyüşə irəlilədi. Noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə müharibənin sonu oldu. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət sənədi, Ermənistanın məğlubiyyət sənədi oldu. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılmasını zəruriləşdirdi. Bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması ilə nəticələndi, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.
Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib:“Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır...
26 iyun Azərbaycan ordusunun yaranması günüdür, bu gün xalqın ruhunun günüdür, bu gün ordumuzun qüdrətinin günüdür, bu gün azərbaycançılığın günüdür.
Bayramınız mübarək, əziz hərbçilərimiz!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı