Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın rolu getdikcə artmaqdadır

Azərbaycanın rolu getdikcə artmaqdadır


"Astanada “ŞƏT+” formatında keçirilən Zirvə görüşündə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər və ölkəmiz də artıq ikinci dəfədir ki, bu mötəbər tədbirə dəvət olunur. Şübhəsiz ki, bu həm Azərbaycana, həm də ölkə başçısı cənab İlham Əliyevə göstərilən yüksək etimadın göstəricisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub:

"Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olmuşdu. Astana görüşündə isə Belarusun da tam hüquqlu üzv kimi qəbulundan sonra bu ölkələrin sayı 10-a çatdı. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusdur. Əfqanıstan, Monqolustan müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə dialoq tərəfdaşlarıdır".


Yusif Bağırzadə deyib ki, təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir:

"ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır.

Ölkəmiz hal-hazırda ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq edir".

Yusif Bağırzadə qeyd edib ki, Azərbaycanın Şanxay əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi artıq 20 milyard dollara çatır:

"Halbuki, bu rəqəm 5 il əvvəl cəmi 9,2 milyard, 2022-ci ildə isə 15,5 milyard idi. Nəzərə alsaq ki, Azərbaycanın ən böyük 4 ticarət tərəfdaşından 3-ü, yəni Rusiya, Çin və Türkiyə bu təşkilatın əsas üzvü və ya dialoq tərəfdaşıdır, onda bu təşkilatın gələcəkdə Azərbaycan üçün önəmini təsəvvür etmək olar.

Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və onu da qeyd edim ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Bu da bir sıra amillərlə bağlıdır. Birincisi, ölkəmiz arıtq özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. İkincisi, tolerantlıq və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Və nəhayət son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır".

Süleyman
Xəbəri paylaş