Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Strateji müttəfiqlik, etimad bəyannaməsi

Strateji müttəfiqlik, etimad bəyannaməsi


"Ötən gün Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması olduqca tarixi-siyasi hadisədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Bəyannamə yaxın dost və etibarlı müttəfiq olan Azərbaycan-Çin münasibətlərinin strateji zirvəyə yüksəlməsini təmin edən mühüm dövlətlərarası saziş və uzunmüddətli əməkdaşlığın Yol Xəritəsi hesab edilə bilər:

"Bu saziş Azərbaycan Respublikasının qardaş Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi və Rusiya Federasiya ilə parafladığı Strateji müttəfiqlik Bəyannaməsindən sonra ən mühüm və dövlət əhəmiyyəli siyasi qərardır.

Qeyd edək ki, Cənab İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə səfəri zamanı ölkələr arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb və ötən gün paraflanan Strateji Müttəfiqliq Bəyannaməsi təzahürüdür".

Vaqif Abdullayev qeyd edib ki, Bəyannamə qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, əsil strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dərin zəmin yaradır:

"Azərbaycan və Çin beynəlxalq və regional vəziyyətin, geosiyasi düzənin tektonik və mürəkkəbliyi fonunda bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və beynəlxalq müstəvidə fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair öz prinsipial mövqeyini ortaya qoyur. Bu, hər iki ölkənin sülh və əməkdaşlıq, qlobal həmrəylik iradəslərinin təzahürüdür".

Vaqif Abdullayev onu da deyib ki. tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər:

"Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.

Hər iki ölkə terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səyləri birləşdirmək iradələrini də ortaya qoyur".

Vaqif Abdullayev daha sonra bunları qeyd edib:

"Azərbaycan və Çin BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edərək regionda hegemonluğa və güc siyasətinə qarşı olduqlarını da bəyan edir ki, bu da hazırda dünyada silahlı güc və təhdid siyasətinə qarşı barışmaz mübarizənin siyasi nümunəsi hesab edilə bilər.

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayaraq ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Qeyd edim ki Şanxay Əməkdaşlıq Təşkilatı dinamik inkişaf edən və böyük iqtisadi potensialı olan dövlətlərin də iştirak etdiyi regional beynəlxalq qurumdur. Azərbaycanın və qardaş Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı kimi iştirakı mühüm əhəmiyyətə malikdir. Azərbaycan öz siyasi və iqtisadi maraqlarına uyğun olan təşkilatlarla əməkdaşlıqdan heç zaman çəkinməyib və siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır və ŞƏT üzvü olan dövlətlilərlə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Anar Əliyev
Xəbəri paylaş