Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününü ilk növbədə milli dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirməliyik. Çünki məhz həmin tarixdən başlayaraq keçmiş Sovetlər İttifaqının iqtisadi inkişaf göstəricilərinə görə ən geridə qalan respublikalarından biri kimi tanınan və ittifaq rəhbərliyi tərəfindən ögey münasibət bəslənilən Azərbaycanda bütün sahələr üzrə köklü islahatların və sürətli inkişaf yolunun təməli qoyulub, respublikamız çox qısa bir müddətdən sonra öz inkişaf tempinə görə keçmiş ittifaq miqyasında ön sıralara çıxıb və beləliklə, Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi ilk illərdə gələcək müstəqil dövlətimizin iqtisadi inkişafının bazisini yaratmağa nail olub.
Heydər Əliyevin həmin vaxt Azərbaycan KP MK-nın 1-ci katibi seçilməsi eyni zamanda milli dəyərlərimizə, Azərbaycançılığa qayıdışın, milli özünüdərk prosesinin başlanğıcı kimi qəbul olunur. Keçmiş sovet rəhbərliyinin ruslaşdırma, sovetləşdirmə siyasətinin nəticəsində respublikamızda millilik amili tamamilə arxa plana keçmişdi, idarəetmə orqanlarında işləyənlərin əksəriyyəti rus və ya erməni əsilli şəxslər idi, milli kadrlar azlıq təşkil edirdi, həmçinin Azərbaycan dili də tamamilə küncə sıxışdırılmışdı. Lakin Heydər Əliyevin gəlişi ilə bu sahələrdəki boşluqlar sürətlə aradan qaldırılmağa başlandı. Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində minlərlə azərbaycanlı gənclər keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərildi, gələcək milli kadr bazamızın formalaşdırılmasına başlanıldı.
Milli məfkurəmizin diri qalması, Azərbaycan mədəniyyətinin təbliği, ana dilimizin dövlət idarələrində istifadəsi istiqamətində böyük işlər görən Heydər Əliyev, eyni zamanda yeni mədəniyyət ocaqlarının inşa olunmasına, bölgələrdə kitabxanaların sayının artmasına, şahmat məktəblərinin açılmasına xüsusi diqqət yetirir, həmçinin tarixi şəxsiyyətlərimizin ev-muzeylərinin yaradılması üçün əlindən gələni edirdi. 1978-ci ildə qəbul edilən yeni Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi də məhz Ulu Öndərin xüsusi səyləri nəticəsində mümkün olub. Bu isə növbəsində sovetlər dönəmində milli ədəbiyyatımızın inkişafına ciddi təkan verib.
Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli zabit kadrlarımızın hazırlanması işini sürətləndirməsi olub. Çünki o, Azərbaycanın tez və ya gec müstəqil dövlət olacağına sarsılmaz inam hissilə yaşayırdı. Elə bu inam hissilə də Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə özünün yüksək idarəçilik qabiliyyəti, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Ona görə də Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir Azərbaycanın intibah dövrü sayılır.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş quruculuq və tərəqqi siyasətinin davamı olaraq Azərbaycan dövləti Prezident İlham Əliyevın uğurlu idarəçiliyi sayəsində daha da inkişaf etdi, gücləndi, tarixi Zəfərə imza atdı, qalib dövlətə çevrildi. İlham Əliyev ata vəsiyyətini müvəffəqiyyətlə yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa etməklə Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Mən əminəm ki, Müzəffər Ali Baş Komandanımızın bizi Qarabağa, Şərqi Zəngəzura qovuşduran Böyük Qayıdış adlı “yol xəritəsi”nin davamı olaraq inşAllah tezliklə Qərbi Azərbaycana da qayıdacağıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri