Mövcud iqtidara münasibətindən asılı olmayaraq hadisələrə adekvat qiymət verməyi bacaran bu gözəl məmləkətin hər bir vətəndaşı obyektivlik naminə qeyd edə bilər ki, son dövrlərdə ölkənin siyasi həyatı əsaslı şəkildə zənginləşib. Ölkəmizdə cərəyan edən siyasi proseslərin dinamikası sözün əsl mənasında siyasi münasibətlərdə “durğunluğu” mümkünsüz edir. Davamlı islahatlar, durmadan təşviq olunan siyasi dialoq, müxtəlif səpkili təşəbbüslər, şərhlər plüralizmi, internetin əlçatanlığı, sosial şəbəkə istifadəçilərinin artması və siyasiləşməsi, yerli televiziya kanallarında siyasi verilişlərin kəmiyyət və keyfiyyət göstəricilərində inkişaf və daha nələr-nələr Azərbaycanın gündəlik siyasi həyatının dinamikasında canlılığı qoruyan önəmli parçalara çevriliblər.
Sağlam düşüncə sahibləri qeyd olunan bu faktlara yalnız sevinə bilər. Çünki onların hər biri ayrı-ayrılıqda və bütövlükdə dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edir. Özünü həqiqətən də bu cəmiyyətin bir parçası olduğunu hiss edən və özünü vətənpərvər qüvvələr ilə bərabər tutan hər bir vətəndaş isə bu proseslərdə iştirak etməyi arzulayar, daha böyük uğurların əldə olunması üçün sahib olduğu bilik və bacarıqlarını əsirgəməz.
Heç bir manipulyasiya unutdurmamalıdır ki, milli həmrəylik və birlik Azərbaycan xalqının təbii qalxanı və rifahlı gələcəyini sığortalayan ən önəmli və prinsipial “silahıdır”. Milli həmrəylik eyni zamanda xalqın tükənməyən enerji mənbəyidir. Təsadüfi deyil ki, dövləti və xalqı “tərksilah” etmək üçün Azərbaycanda yaşanan həmrəylik mühiti hər zaman düşmənlərimizin hədəfində olub.
Qeyd olunan bu təsbit psevdopatriot demaqoqların “avtobus dərdlərin”in əsas səbəbidir. Gəlin, mülahizələrin obyektivlik və adekvatlığını təmin etmək üçün “avtobus müxalifəti” ifadəsinin tarixçəsinə və hətta etimologiyasına diqqət yetirək. Bunu etmək zəruridir, çünki bəzilərinin qərəzli şərhləri və mənasız istehzaları sözügedən ifadənin arxasında əslində baş verənlərin gerçək məzmununu kiçildir və təhrif edir. Və həm də məqsədli şəkildə. Belə ki, bilavasitə Prezident Administrasiyasının təşəbbüsü ilə 2021-ci ildə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin iştirakı ilə işğaldan azad olunmuş Ağdam şəhərinə ilk birgə səfəri təşkil olunmuşdu. Bu, həmin ərəfələr idi ki, Qələbədən sonra erməni vandalizminin qurbanı olan və daşı daş üstündə qalmayan Ağdam həqiqətlərinin hamılıqla dünyaya və geniş ictimaiyyətə çatdırmaq üçün oraya ardıcıl kütləvi səfərlər təşkil olunur, beynəlxalq və yerli mətbuatın diqqəti bu və ya digər şəkildə bu əraziyə yönəldilirdi.
Arayış üçün onu da əlavə edək ki, siyasi partiya rəhbərlərinin iştirakı ilə analoji səfərlər daha sonra Şuşa və Zəngilana da təşkil edildi və bu səfərlərin hər biri mətbuatda olduqca geniş şəkildə işıqlandırıldı. Beləcə, müstəqil Azərbaycanın geniş ictimaiyyəti ölkənin siyasi tarixində heç bir zaman yaşanmayan dialoq və həmrəylik mənzərəsinə şahidlik etmiş oldu. Əslində bütün bunların milli birlik və həmrəyliyə düşmən mövqedə olanları bu qədər narahat etməsi anlaşılandır. Xarici qüvvələr bəlkə də tarixdə ilk dəfə olaraq iqtidarla müxalifət arasında “manipulyativ körpü” rollarını bu qədər əldən vermişdilər və bununla da mövcud məsələdə tam olaraq siyasi autda qalmışlar.
Qeyd olunan hadisələrin unudulmaz və eyni zamanda olduqca böyük pozitiv emosional yükü də var. Misal üçün, həmin səfərlərdə iştirak etmiş siyasətçilərdən biri mətbuata öz emosiyaları ilə bölüşən zaman bu fikirləri səsləndirmişdi:
“Mənim həmkarlarımın Ağdamda avtobusdan düşən kimi ilk gördüyü iş o müqəddəs torpağı öpmək oldu. Bu mənzərəni görəndə göz yaşlarımı dayandıra bilmədim”.
Təbii ki, siyasi etika naminə həmin siyasətçilərin adlarını çəkmək düzgün olmaz, ancaq siyasi mənsubiyyətindən və tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının bu cür ülvi hisslər yaşamasına səbəb olmaq, bu emosiyalara şahidlik etmək sadə vətənpərvər məntiqlə hamımızı xoşbəxt hiss etdirməlidir. İndi baxın və görün, bu qeyri-sağlam niyyətli vətənşivənlər “avtobus” sözünü hansı mənəvi mənzərə və kontekstdən qoparıblar?! Onların bu cür davranışlarının bir adı var - yaramazlıq. Şüurlu şəkildə bunu edənlərin isə tək bir hədəfi var: milli həmrəyliyə zərbə vurmaq.
Odur ki, milli həmrəyliyi həzm edə bilməyən zəhərli radikal təfəkkürün, natamamlıq kompleksinin və istehza xəstəliyinin məhsulu olan bu “avtobus müxalifəti” ifadəsinin dövriyyəyə buraxılmasının əsl məqsədi suverenliyini bərpa edərək sülh yolunda inamla addımlayan ölkənin siyasi partiyalarını əməkdaşlıqdan çəkindirmək və əldə olunmuş tarixi nailiyyətlərin kiçildilməsidir.
Dünyanın “böyük gücləri” tarixin bütün dövrlərində “parçala və hökm sür” geosiyasi düsturundan istifadə ediblər. Həmin siyasi model bu gün də tətbiq olunmaqdadır. Radikal müxalifət isə həmin siyasətdə sadəcə onların maşasıdır. Bu, məsələnin ən sadə izahıdır. Bu cür xislət sahibləri heç bir zaman peşəkar və dövlətçilik təfəkkürünə sahib ola bilməz. Odur ki, Azərbaycanın nümunəsində biz əminliklə deyə bilərik ki, həmrəylik və birlik daxili və xarici təxribatlara qarşı xalqın və dövlətin immunitetidir. Bu immunitetin qorunması isə hər bir məsuliyyətli vətəndaşın vəzifəsidir.
politoloq Asif Adil