Bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin hər bir çıxışı ölkəmizin bu günü və gələcəyi ilə bağlı çağırışlarla və eləcə də çoxsaylı mesajlarla zəngin olur. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında nitqi də təkcə ölkə qarşısında duran vəzifələri deyil, özündə həm də dövlətimizin inkişafı, təhlükəsizliyi və tərəqqisi üçün bir yol xəritəsini ehtiva etdi.
Məlumdur ki, 2024- cü ildə keçirilən növbədənkənar Milli Məclis seçkiləri müstəqil Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olaraq tarixə düşdü. Bu, özü-özlüyündə olduqca mühüm tarixi hadisədir. Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ərazilərimizdə separatizmə birdəfəlik son qoymaqla yanaşı həm də Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi.
Cənab Prezidentin çıxışına müdafiə qüdrətimizin möhkəmlənməsindən başlaması təsadüfi deyil. Çünki ölkənin müdafiə qüdrətinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Güc olmadan, güclü ordu yaradılmadan, müdafiə təşkil edilmədən ölkənin suverenliyini qorumaq, müstəqilliyini təmin etmək mümkün deyil. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir: Cəab Prezident açıq şəkildə bəyan etdi ki, ölkəmiz qarşısında böyük vəzifələr durur və bu, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsidir. Ancaq, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır.
Cənab Prezident indiyə qədər görülən işlər, ayrı-ayrı beynəlxalq güclərin üzərimizə oynadıqları oyunlar və onlar gələcək planları barədə yetərincə ayrıntılı və əsaslı fikirlər səsləndirdi. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Dövlət başçısı öz çıxışında bildirdi ki, biz qalib olmağımıza baxmayaraq, hər zaman sülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı məhz bizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir. Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərinin ordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu yolverilməzdir və Ermənistanı silahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərinin nəticələrindən lazımi dərs almalıdırlar.
Cənab Prezident ordunun möhkəmlənməsində, inkişafımızın təmin edilməsində hər bir vətəndaşın roluna yüksək qiymət verərək bildirdi ki, biz Vətən üçün vətənpərvər, cəsarətli, mətin insanlar yetişdirməliyik. Hər bir şəxs bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Bu sözləri ölkə rəhbəri Qarabağ Universitetindəki çıxışında da bir neçə dəfə xatırlatmışdı. Dövlət başçısı bildirmişdi ki, biz milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirməklə ölkəmizin inkişafını təmin etmiş olarıq. Bugünkü gənclər bizim qələbələrdən dərs çıxarmalı, onlar xarici təsirlərə uymamalıdırlar. Belə olan halda təbii ki, yeni uğurlara imza atmaq mümkün olar.
Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb edərək, aydın mesajlar vermiş oldu. Prezident İlham Əliyev bildirib ki, Ermənistanı silahlandıranlar gələcək nəticələr üçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu gün Ermənistanın silahlandırılması, orada xarici ölkələrdən gətirilən insanların təlim keçmələri heç bir nəticə verməyəcək. Bu əslində sülhün bağlanmasına bir maneədir. Əlbəttə ki, bu maneəyə səbəb olanlar Ermənistanı silahlanmağa cəlb edənlər gələcəkdə bu məsələlər, törədilmiş faciələr haqqında mütləq cavab verməlidirlər.
Ölkə başçısı ölkədə təhlükəsizliyin, əmin-amanlığın uzun illərdir təmin edilməsindən, respublikada yaradılmış sabitliyin bütün dünya üçün nümunə ola biləcəyi ilə bağlı da konkret fikirlər bildirdi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır".
Yusif Bağırzadə
Newscenter.az üçün