Məlum olduğu kimi Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman dünya ictimaiyyətinin diqqətinə tarixi faktları və reallıqları olduğu kimi çatdıran bir Liderdir. Cənab Prezidentin çox maraqlı, daim səbrlə gözlədiyimiz və artıq ənənə halına çevrilən müsahibələri hər birimiz üçün qürurludur. Cari ilin 7 yanvar tarixində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistlərin iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri və qayıdış, həmçinin ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırmışdır
Həmçinin ölkə başçısı vurğulamışdır ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə il əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Artıq Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları bu gün sevinc hissləri keçirir o cümldən məndə. Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Ona görə də yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.
Müsahibə zamanı həmçinin COP 29 mövzusuna toxunan möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq. Beləliklə, biz 2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq. Səmimi desək, buna qədər biz prosesdə o qədər də fəal iştirak etmirdik. Bu işdə uğura nail olmaqda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında olan etimadsızlıqdır - ətraf mühiti ən çox çirkləndirən ölkələr və bundan əziyyət çəkən ölkələr. Lakin bütün bunlara baxmayaraq COP-un ilk günlərində artıq uğur əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. Bu, əhəmiyyətli uğur idi və hər kəs bundan məmnun qaldı. Yəni, on il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı. Digər bir nailiyyət isə ondan ibarət idi ki, COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idisə biz burada - Bakıda onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.
Bildiyimiz kimi Azərbaycan dövləti hər zaman sülhə və etibarlı əməkdaşlığa yüksək qiymət vermişdir. Vətən müharibəsindən ötən dövrdə də qalib ölkə olsaq da sülhün həyata keçirilməsi bizi öncəliyimiz olmuşdur. Bütün bunlarla yanaşı, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün böyük təhdid yaradır. Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də Ermənistan silahlı qüvvələri bəşəri dəyərləri tapdadı, müharibə cinayətləri törətdi. İstər həmin dövrdə, istərsə də post-müharibə dövründə Azərbaycan mövcud həqiqətlərin, erməni vandallığının dünya ictimaiyyətinə çatdırılması istiqamətində işləri davam etdirdi. İllərdir davam edən təbliğat işləri daha da gücləndirildi. Dünya ictimaiyyəti ermənilərin iç üzünü, törətdikləri vəhşilikləri görməyə başladı. Bu gün də regionda nüfuzu artan, dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün çox güclü iş aparır. Ona görə də, inanırıq ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq.
Azərbaycan Prezidentinin tarixi mesajları kifayət qədər açıq və önəmlidir. Mənə elə gəlir ki, hər kəs, xüsusilə bir sıra riyakar mövqeyi olan dövlətlər son dövrlərdə baş verən tarixi və yeni reallıqlardan layiqli dərs çıxarmalıdır.
İlham Məmmədov, Milli Məclisin deputatı